Bakı. 29 noyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı ABŞ-ı ölkədəki polis zorakılıqlarını araşdırmağa çağırıb.
"Report" VOA-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın Missuri ştatında münsiflər məhkəməsi silahsız qaradərili yeniyetməni öldürən ağdərili polisə qarşı ittiham sürmədiyi üçün Fergusonda etiraz aksiyaları davam edir.
BMT komitəsi cümə günü yaydığı bəyanatda ABŞ-da polisin irqi azlıqlar və etnik qruplara qarşı zorakılığı və hədsiz zor tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. Komitə polisin qaradərili insanları güllələməsini və öldürməsini “tez-tez təkrarlanan” hal adlandırıb.
Panelin 10 müstəqil ekspertindən biri Cens Modviq bildirib ki, ABŞ rəsmiləri belə şikayətlər və onların tərkibi barədə heç bir məlumat verməyib.
“Bizim ABŞ polisinin hədsiz güc tətbiq etməsi, əsasən də etnik qrupları və qaradərili əhalini hədəf alması barədə məlumatımız var və bu, bizi narahat edir. Ona görə də, komitə polis zorakılığı və hədsiz güc tətbiq etmə hallarının araşdırılmasına və lazımi tədbirlərin görülməsinə ehtiyac hiss edir.
BMT komitəsinin paneli ABŞ-ın işinə 2006-cı ildən bəri ilk dəfədir baxır. Panel mütəmadi olaraq BMT-nin işgəncəyə qarşı müqaviləsini təsdiqləyən 156 ölkədə işgəncə hallarını yoxlayır.