Yuxarı
    Bağlamaq

    Birgə işçi qrup bəyanat yaydı: "Baş katibin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir"

    Hesab edirik ki, Avropa Şurasının baş katibi Turbyorn Yaqland bu addımı anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində atıb

    Bakı. 8 oktyabr. REPORT.AZ/ İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupu bəyanat qəbul edib. 

    "Report" xəbər verir ki, bəyanatda deyilir:

    “2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılmışdır. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulamışdır.

    Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərmişlər. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırmış, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Baxmayaraq ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilmişdir.

    2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etmiş və Azərbaycan Prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq vermişdir.

    Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirmişdir. Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etmiş və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlamışlar. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilmiş, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilmişdir.

    Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilmiş, 1 nəfərin cəza müddəti azaldılmışdır.

    Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət etmişdir.

    Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.

    Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir.

    Hesab edirik ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.

    İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi