Beynəlxalq ekspert Bakıda strateji planlaşdırma üzrə təlim keçirib

Xarici siyasət
  • 10 fevral, 2023
  • 08:26
Beynəlxalq ekspert Bakıda strateji planlaşdırma üzrə təlim keçirib

Bakıda “Azərbaycanda innovativ və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində strateji planlaşdırma üzrə təlim keçirilib.

“Report” xəbər verir ki, bu layihəni maliyyələşdirən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tanınmış beynəlxalq ekspert Mark Hollinqvardı Bakıya dəvət edib.

Qeyd edək ki, 30 ildən artıq strateji inkişaf üzrə konsaltinq təcrübəsi olan strateji liderlik eksperti, iki kitabın müəllifi M.Hollinqvard onlarla beynəlxalq korporasiya ilə işləyib və 20 ölkədə çalışıb.

Ekspert təlim iştirakçılarına uğurlu strateji planlaşdırmanın düsturu, planlaşdırma ssenariləri və digər məsələlər barədə məlumat verib.

Jurnalistlərə müsahibəsində M.Hollinqvard bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları istənilən mühitdə getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayıb: “Strateji planlaşdırma təşkilatlara daha qlobal məsələlər haqqında düşünmək üçün daha çox vaxt qazanmağa imkanı verir. Onlar uzunmüddətli dayanıqlılığın təmin edilməsinə istiqamətlənməlidirlər. Bakıda BMTİP ilə çalışmaq yaxşı təcrübə idi. Ümid edirəm ki, təlim iştirakçıları əldə etdikləri bacarıqları gələcəkdə də tətbiq edəcəklər”.