Belarus səfiri: “Azərbaycanla münasibətlər yüksəlişdədir”

Belarus səfiri: “Azərbaycanla münasibətlər yüksəlişdədir” Azərbaycan tərəfinin istənilən təklifinə açığıq
Xarici siyasət
3 Mart , 2021 16:25
Belarus səfiri: “Azərbaycanla münasibətlər yüksəlişdədir”
Andrey Ravkov

Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun “Report”a müsahibəsi:

- Andrey Alekseyeviç, Azərbaycan və Belarus arasında uzun müddətdir zamanla sınaqdan keçmiş əməkdaşlıq əlaqələri var. Bu əməkdaşlığı bu gün necə xarakterizə edərdiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əməkdaşlıq on ildən çoxdur strateji tərəfdaşlıq səviyyəsini qoruyub saxlayır. Konstruktiv dialoq və bütün sahələrdə əməkdaşlığın dinamik inkişafı iki ölkə prezidentlərinin - Aleksandr Lukaşenko və İlham Əliyevin yüksək səviyyədə qarşılıqlı anlaşma və etimadına əsaslanır.

25 ildən çox zamanı əhatə edən diplomatik münasibətlərdə Belarus-Azərbaycan dialoqunun güclü ənənələri - ölkələr arasında münasibətlərin möhkəm təməli olmuş dostluq, hörmət və qarşılıqlı anlaşma formalaşıb.

Dövlət başçıları dəfələrlə qeyd ediblər ki, ikitərəfli qarşılıqlı fəaliyyətin prioritetləri istehsal kooperasiyası, tikinti, təhsil, səhiyyə sahələrində birgə layihələr, habelə elm və yeni texnologiyalar sahələrində əməkdaşlıqdır.

Son illərdə münasibətlərimiz yüksəlişdədir və fəal şəkildə inkişaf edir: əlaqələr Belarus və Azərbaycan rəhbərliyi səviyyəsində müntəzəm olaraq davam etdirilir, iki ölkənin hökumətləri arasında sıx əlaqələr qurulub, parlamentlər, xarici işlər nazirlikləri və digər dövlət və özəl strukturlar arasında əməkdaşlıq qurulub.

İki ölkənin müxtəlif beynəlxalq platformalardakı mövqelərinin ənənəvi qarşılıqlı dəstəyi də heç də az əhəmiyyət daşımır.

Belarus-Azərbaycan əməkdaşlığının perspektivləri, ilk növbədə, sadə əmtəə mübadiləsi çərçivəsindən çıxan layihələrdir. Bunlar yeni müştərək müəssisələrin yaradılması, qarşılıqlı innovativ layihələrin həyata keçirilməsi, nəqliyyat, təhsil, səhiyyə, turizm və informasiya texnologiyalarının inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsidir.

Bu gün Belarus və Azərbaycan dövlətin inkişaf yolunu seçməkdə müstəqilliyin ölkənin iqtisadi gücünün artmasının, xalqlarımız üçün təhlükəsizlik və sabitliyin təmin edilməsinin qarantı olduğunu praktikada təsdiqləyir.

- Bakı ilə Minsk arasındakı iqtisadi əməkdaşlıq son illərdə sürətli templə inkişaf edir. 2020-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsinin göstəriciləri necə olub? Hansı sahəyə daha çox tələbat olub? O cümlədən Azərbaycan artıq neftini Belarusa nəql edir. Bu əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Ölkələrimiz arasındakı qarşılıqlı ticarətdən danışırıqsa, onun fərqləndirici xüsusiyyəti kimi daimi və dinamik artımı göstərmək olar. Özü də bu artım qlobal böhranlar və hətta pandemiya illərində də davam edir.

2020-ci ildə Belarus ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 447 milyon ABŞ dollarından çox olub və öncəki ilin göstəricisini 45% yaxşılaşdırıb. Belarusun Azərbaycana ixracatı əsasən maşınqayırma məhsullarından ibarətdir. Dəmir yolu ilə daşıma vasitələri, kənd təsərrüfatı və sərnişin texnikası göndəririk. Qida məhsulları, ağac emalı məhsulları, dərman tədarükü də vacib yer tutur.

Neft-kimya sahəsindəki əməkdaşlıq nümunəvidir. 2020-ci ilin əvvəlində Belarus neft idxalının şaxələndirilməsi üzrə işlərə başladı. Bu istiqamətdə işlər hələ tamamlanmayıb, lakin artıq indidən deyə bilərik ki, Azərbaycan Rusiyadan sonra Belarusun ikinci ən böyük neft təchizatçısı olub.

Keçən il SOCAR ən qısa müddətdə ehtiyac duyduğumuz həcmləri tapdı və Belarusa təxminən 1 milyon ton neft, o cümlədən 720 min ton “Azeri Light” markalı neft göndərdi. Bununla da Belarusun neft emalı zavodlarını xammal ilə təmin etdi. Buna görə çox minnətdarıq. 2021-ci ildə də bu sahədə əməkdaşlıq davam edir.

Ancaq neft-kimya sektorundakı əməkdaşlıq yalnız xammal təchizatı ilə məhdudlaşmır. Bu il “SOCAR Construction” şirkətinin mütəxəssisləri Mozır NEZ-in modernləşdirilməsi çərçivəsində ağır neft qalıqları üçün hidrokrekinq kompleksinin tikintisində iştiraklarını başa çatdırıblar. Belarusda potensial təhlükəli obyektlərin və istehsalların sənaye tikintisi sahəsində Azərbaycan şirkətinin kadrlarının ixtisası və səriştəsi haqlı olaraq ən yüksək tərifə layiq görülüb. Buna görə “SOCAR Construction” bu NEZ-də istilik izolyasiya işləri üzrə əlavə sifariş alıb.

- Pandemiya ölkələrimiz arasındakı ticarət səviyyəsinə təsir göstəribmi? Həmçinin bu, 2020-ci ildə Bakı ilə Minsk arasındakı turist axınına necə təsir edib və bu məsələdə 2021-ci il üçün proqnozlarınız nədir?

- Pandemiyanın bütün dünyaya mənfi təsir göstərdiyi heç kimə sirr deyil, ən çox da sərhəd keçidi ilə əlaqəli sahələr - turizm və sərnişindaşıma zərər görüb. Ölkələrimizə gəlincə, Belarusdan Azərbaycana sərnişin axını demək olar 8 dəfə, əks istiqamətdə isə 2 dəfə azalıb. Təəssüf ki, vəziyyət ürəkaçan deyil.

Buna baxmayaraq, bu il başlayan peyvəndləməyə böyük ümidlər bəslənilir. Deməliyəm k, Azərbaycanın virusla mübarizədəki uğurları xoş təsir bağışlayır. Karantin məhdudiyyətləri götürüldükdən sonra əməkdaşlığın geniş miqyasda bərpasına hazırıq və azərbaycanlı turistlərin qonaqpərvər Belarusa qayıdacağına ümid edirik.

- 2020-ci ilin payızında Azərbaycan 30 il əvvəl Ermənistanın işğal etdiyi torpaqları öz nəzarətinə qaytardı. Müharibənin yükununda Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bu hadisələri region üçün, o cümlədən də kommunikasiyaların bərpa olunması baxımından necə qiymətləndirirsiniz?

- Belarus Respublikası beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsipləri əsasında Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyib və indi də dəstəkləyir.

Azərbaycan, Ermənistan və Rusiya başçıları tərəfindən üçtərəfli bəyanatın imzalanması döyüş əməliyyatlarının dayandırılmasına, başqa sözlə, minlərlə əsgərin və mülki şəxsin həyatını xilas etməyə kömək etdi. Səmimi qəlbdən əminəm ki, əldə olunmuş razılaşmalar bütün tərəflər tərəfindən ciddi şəkildə yerinə yetiriləcək və regionda davamlı sülhün bərqərar olmasına zəmin yaradacaq.

Ərazilərin minalardan təmizlənməsi üzrə çox əziyyətli işdən sonra məcburi köçkünlərin öz ata-baba torpaqlarına tədricən qayıtması dinc və çiçəklənən Azərbaycanın qurulmasına töhfəsini verəcək. Belarus, öz növbəsində, respublikanın infrastrukturunun bərpasında və inkişafında fəal iştirak etməyə hazırdır.

Fikrimcə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi barədə əldə etdiyi razılaşmalar Azərbaycanın maraqlarına cavab verir. İlk növbədə də Naxçıvan Muxtar Respublikası ilə strateji əhəmiyyətli quru nəqliyyat əlaqələrinin bərpasını göstərə bilərik ki, bu da Türkiyəyə birbaşa çıxış imkanı yaradacaq. Bundan əlavə, bu razılaşmaların həyata keçirilməsi bütün Cənubi Qafqaz regionuna uzunmüddətli iqtisadi fayda verməyə qadirdir. Yeni dəmir yolu və avtomobil yolları şəbəkəsi yaratmaqla yeni nəqliyyat və logistika məkanından istifadə, hava limanlarının tikilməsi, təbii ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran arasındakı kommunikasiyaya müsbət təsir göstərəcək.

Gördüyümüz kimi bu istiqamətdə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun rəhbərliyi altında artıq işlər gedir və biz inanırıq ki, qarşıya qoyulan vəzifələr uğurla başa çatdırılacaq.

- Belarusun təcrübəsi Qarabağın bərpasında Azərbaycana necə kömək ola bilər? Belaruslu sahibkarlar konkret hansı sahələrə daha çox maraq göstərə bilər və iqtisadiyyatın hansı yeni sahələri Bakı ilə Minsk arasındakı əməkdaşlıq üçün potensial cəlbedici ola bilər?

- Azad edilmiş ərazilər işlənməsiylə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verə biləcək münbit torpaqlarla zəngindir.

Bu sahədə təcrübəmizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq və təklif edəcəyimiz şeylər var... Belarusun qida məhsulları ehtiyacını, demək olar, tam təmin etməklə ölkəmizin aqrar-sənaye kompleksinin ixracı 2020-ci ildə 6 milyard ABŞ dollarına yaxınlaşıb.

Buna görə də Azərbaycanla əməkdaşlığımızın prioritet istiqamətlərindən biri kənd yerlərində bütün zəruri – sənaye, sosial və nəqliyyat - infrastruktura sahib Belarus aqroşəhərlərinə bənzəyən yaşayış yerlərinin tikilməsi ola bilər. Bu barədə Azərbaycan Prezidenti etimadnamələrin təqdimat mərasimində də bildirib. Bu kontekstdə Azərbaycana ən yaxşı təcrübələrimizi təklif edə bilərik, çünki kənd quruluşuna bu cür yanaşma ölkəmizdə effektivliyini sübut edib.

Belarus alimləri və tərtibatçıları ilə tanınır, Yüksək Texnologiyalar Parkının rezidentləri olan şirkətlərin illik ixracatı isə 2 milyard ABŞ dollarından artıqdır. Düşünürəm ki, Belarusun IT sektoru tətbiqi barədə Prezident İlham Əliyevin bəhs etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” sistemlərinin Azərbaycanda tətbiq olunmasında iştirak edə bilər.

Həmçinin Gəncə Avtomobil Zavodunun bazasında kooperativ əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsində və və Azərbaycanın rifahı naminə burada texnikalarımızın sayının artırılmasında maraqlıyıq.

Eyni zamanda Azərbaycan tərəfinin istənilən təklifinə, o cümlədən investisiya təklifinə açığıq.

Son xəbərlər

Orphus sistemi