ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyinin dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev həmin təşkilatın rəhbər şəxsləri, eləcə də onun gənclər qanadı olan ACCESS-in üzvləri ilə keçirilən video-konfransda Azərbaycana dair təqdimatla çıxış edib.
Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Baş konsul çıxışında ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 1918-ci ildə Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Baş konsul Azərbaycanın İsrail, eləcə də AYK ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.
Daha sonra N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti, Ermənistanın ən son hərbi təxribatı, habelə 21 iyul tarixində Los Ancelesdə radikal ermənilərin Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi zorakılıqla bağlı ətraflı məlumat verib. O, AYK-nin həmin hadisədən dərhal sonra bu vəhşilikləri qətiyyətlə pisləməsini yüksək qiymətləndirdiyimizi, bunun Azərbaycan və yəhudi xalqlarının tarixən həm xoş, həm də çətin günlərdə daima bir-birilə göstərdiyi həmrəyliyə gözəl bir nümunə olduğunu vurğulayıb.
Təqdimatdan sonra baş konsul iştirakçıların suallarını cavablandırıb.