Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolsonun “Report” agentliyinə müsahibəsi:
- Azərbaycan və Böyük Britaniya arasındakı mövcud iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?
- Əlaqələrimiz əladır! Ölkələrimizin xalqın rifahını istəməsi baxımından prinsipcə oxşarıq. Ölkələrimizin gəncləri iş yerlərinə və daha geniş imkanlara ehtiyac duyurlar. Bölüşməyə hazır olduğumuz geniş təcrübəyə sahibik və şadam ki, keçən il britaniyalı mütəxəssislər digər məsələlərlə yanaşı, vergi, tullantıların idarə olunması, kənd təsərrüfatı və idman məsələlərini müzakirə etmək məqsədilə Azərbaycana səfər edib.
Baş nazir Boris Conson tərəfindən təyin edilmiş Azərbaycan üzrə ticarət elçisi kimi, hər il Böyük Britaniyaya nə qədər Azərbaycan nümayəndə heyətinin baş çəkdiyini görürəm. Səhiyyə və kənd təsərrüfatından tutmuş təhsil və kosmosa qədər müxtəlif sektorların işgüzar heyətləri ilə görüşlər keçirirəm. Bu cür ziyarətlər azərbaycanlı sahibkarlar və onların britaniyalı həmkarları arasında əla əlaqələr yaradır. Nazirlərarası dialoqumuz da intensivdir. Payızda Bakıda Birgə Hökumətlərarası Komissiyanın illik danışıqları keçiriləcək və bu, ikitərəfli iqtisadi əməkdaşlığımız üçün daha bir stimul olacaq.
Yalnız biznes sektoru haqqında danışmasaq, ölkələrimiz arasında təhsil sahəsindəki müstəsna tərəfdaşlıqdan çox məmnunam. Britaniya və Azərbaycan məktəbləri və universitetləri arasındakı çoxsaylı tərəfdaşlıq əlaqələri ilə yanaşı, Britaniya hökuməti münaqişə nəticəsində məcburi köçkün olmuş ailələrinin uşaqlarının ingilis dilində qabaqcıl tədrisi üçün təhsil mərkəzlərinə sərmayə qoyur.
“Britaniya Şurasının (British Council) “Yaradıcılıq qığılcımı” “(Creative Spark) proqramının genişlənməsi onu göstərir ki, bu proqram Azərbaycanın ehtiyaclarına tam uyğundur. Yaradıcı sahələrdə əməkdaşlığın çiçəklənməyə davam edəcəyinə ümidvaram. Buna misal olaraq, Britaniya Şurası tərəfindən təşkil olunan “Candoco” rəqs qrupunun Bakıya səfərini göstərmək olar. Britaniya Şurasının “Crafting Futures” proqramı da əməkdaşlıq üçün əla zəmin yaradır. Məsələn, Uels şahzadəsinin himayəsi altında Böyük Britaniya Ənənəvi Sənətlər Kral Məktəbinin Azərbaycanla qarşılıqlı fəaliyyətini göstərmək olar.
- Böyük Britaniya Cənub Qaz Dəhlizi layihəsini və Azərbaycanın enerji təhlükəsizliyi məsələlərindəki rolunu necə qiymətləndirir?
- Cənub Qaz Dəhlizi bir neçə ildir çalışdığım qeyri-adi mühəndislik layihəsidir. Bu həm Azərbaycan üçün qazını çiçəklənən bazara çatdırmaq baxımından, həm də Avropa üçün enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək baxımından əla vasitədir. Energetika sahəsindəki tərəfdaşlığımız möhtəşəmdir. Azərbaycan və Böyük Britaniya, dünya səviyyəli operatorlarımız SOCAR və BP arasındakı tərəfdaşlıq sazişləri Azərbaycanı ən yeni neft və qaz hasilatı texnologiyaları baxımından üstünlüklərlə təmin edəcək.
Energetika bazarı növbəti on il ərzində dəyişəcək və bu, Azərbaycanda yeni investisiya imkanları yaradacaq. İqlim dəyişikliyi hamımızın enerjiistehsalında kəskin dəyişikliklər tələb edir. Dünyanınkarbon tullantısı aşağı səviyyədə olan texnologiyalara keçdiyini nəzərə alsaq, ölkələr tullantıların azaldılması üzrə yeni öhdəliklər götürməli olacaqlar. Noyabrda keçiriləcək Qlazqoda keçiriləcək COP26 konfransı ölkələrimiz üçün iqlim dəyişikliyi ilə əlaqədar lazımi tədbirlər görmək baxımından əhəmiyyətli fürsət olacaq. Azərbaycan günəş enerjisi sahəsində layihələri işə salmaqla bu sahədə irəliləyişə nail olub, Böyük Britaniya isə öz növbəsində Azərbaycanın günəş, külək və su enerjisinin potensialını artırmaq üçün bu sektora investisiya qoymağa hazırdır.
BP atmosferə sıfır karbon qazı tullantısına dair öhdəlik götürdüyünü açıqlayıb. Bu, irəliyə doğru atılmış böyük addımdır və COP26 prosesinin sürətlənməsinə işarədir. Ümid edirəm ki, SOCAR və Azərbaycandakı digər bütün operatorlar da üzərlərinə oxşar öhdəliklər götürəcəklər.
- İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial necədir? İqtisadi əməkdaşlığın hansı sahələrini inkişaf etdirmək olar?
- İqtisadi və ticarət əlaqələrimizin cari səviyyəsi ürəkaçandır, amma bunun tərəfdaş ölkələrimizin rifahının daha da yaxşılaşdırılması üçün hər iki istiqamətdə inkişaf etməsinin istərdim. Azərbaycanın kənd təsərrüfatı məhsulları, o cümlədən şərabı çox dadlıdır və əminəm ki, onları Britaniyaya ixrac edən olsa, orada da populyar olacaqlar. Öz növbəsində, britaniyalı ixracatçılar Azərbaycanda tələbatı ödəməyin yeni yollarını axtarmağa davam edəcəklər. Məsələn, Britaniya məhsullarını bu ilin sonunda Bakıda keçiriləcək ADEX sərgisində təqdim edəcəyimizə ümid edirik.
İkitərəfli ticarətin inkişafında öz rolumdan istifadə edirəm və fevralın sonlarında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Baş naziri təmsil etmək üçün Bakıya edəcəyim səfəri səbirsizliklə gözləyirəm. Bu il daha sonra nazirlər səviyyəsində xarici siyasətlə bağlı dialoq aparmağı da planlaşdırırıq. Müzakirələr üçün vacib ikitərəfli gündəliyimiz var. Buraya ticarət siyasəti, eləcə də Azərbaycanın vacib fikirlərinin olduğu regional məsələlər daxildir.
Həmçinin payızda Bakıya daha bir səfər edəcəyimə ümid edirəm, bu, sayca yeddinci olacaq. Müstəqil dövlətlərimiz arasında əməkdaşlığın inkişafına kömək etmək üçün əlimdən gələni edirəm və eyni zamanda bu gözəl ölkə ilə tanış olmağa davam edirəm.
- Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına necə kömək edə bilər?
- Ölkələrimiz arasında investisiya və ticarət üçün böyük potensial var. Azərbaycan iqtisadiyyatını şaxələndirə və güclü neft-qaz sektorundan faydalana bilər. Bu strategiyanı və Azərbaycanda həyata keçirilən biznes mühitindəki islahatları dəstəkləməkdən məmnunam.
- Böyük Britaniya yanvarın 31-də Avropa İttifaqından çıxdı. Sizcə, üçüncü ölkələrlə, məsələn, Azərbaycanla əməkdaşlıq necə aparılacaq? Böyük Britaniya ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycanla hər hansı yeni müqavilə imzalamağı planlaşdırırmı?
- Böyük Britaniya müstəqil ticarət ölkəsinə çevrildiyindən Azərbaycanla sərbəst şəkildə ticarət edə və tərəfdaşlığı inkişaf etdirə bilər. Bu fürsətdən istifadə edəcəyimizə həqiqətən ümid edirik. Yanvar ayında Xarici İşlər Nazirliyinin iqtisadi münasibətlərimizi yaxşılaşdırmaq istəyini ifadə edən bəyanatı Britaniyanın istəklərinin təzahürüdür.