Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bu gün milli azlıqların muxtariyyət əldə etmək yolu ilə separatçılığa doğru irəlilədikləri vəziyyətlə üzləşirik. Bu isə yekun nəticədə şiddətə və iğtişaşlara səbəb olur. Bu baxımdan separatizm ölkələrin müstəqilliyi üçün təhlükədir".
"Report" xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Bakıda "Separatizm dünya düzəninə qarşı təhdid kimi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dondurulmuş münaqişələr və separatçı hərəkatlar bütün Cənubi Qafqaz regionunun inkişafını təhlükə altında qoyur: "Beynəlxalq ictimaiyyət bu məsələyə ciddi yanaşmalıdır".
Öz növbəsində, Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoahim Hayntse bildirib ki, separatçılıq duyğusunun geniş yayılması və inkişafı qlobal problemdir.