Yuxarı

Bakıda Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunan layihənin təqdimatı keçirilib

25 nəfərdən ibarət bir qrup azərbaycanlı tələbə Türkiyəyə gedəcək

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunan layihənin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, "Çanaqqalanın 100-cü ildönümü: döyüşdən sülhə" adlı Yunus Əmrə İnstitutunun hazırladığı layihənin təqdimatı Türkiyənin Azərbaycandakı səfirliyində keçirilib. 

Tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun Türk Mədəniyyəti Mərkəzinin rəhbəri Əli Cura bildirib ki, layihə çərçivəsində martın 12-dən 22-nə qədər 25 nəfərdən ibarət bir qrup azərbaycanlı tələbə Türkiyəyə gedəcək. Səfər çərçivəsində onlar bu ölkənin mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq üçün Çanaqqalada, eləcə də Türkiyənin digər şəhərlərində olacaqlar. Səfərin yekunlarına görə elmi araşdırmalar aparılacaq və daha sonra onlar üç dilə tərcümə olunacaq. 

Sonra tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edib. Əvvəlcə o, Türkiyədə təyyarə qəzası nəticəsində həlak olan 2 hərbi pilotun xatirəsini yad edib. Səfir qeyd edib ki, 2015-ci il Türkiyə üçün çox mühüm ildir. O, Çanaqqala döyüşünün tarixi haqqında danışıb. 

Türkiyə və Azərbaycan arasında münasibətlərə toxunan İ.A.Coşqun vurğulayıb ki, bu münasibətlər çox yüksək səviyyədədir: "Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi