Bahar Muradova BMT-nin yüksəksəviyyəli rəsmisi ilə görüşüb

Bahar Muradova BMT-nin yüksəksəviyyəli rəsmisi ilə görüşüb BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası
Xarici siyasət
14 mart 2025 03:38
Bahar Muradova BMT-nin yüksəksəviyyəli rəsmisi ilə görüşüb

BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Baş katibinin köməkçisi və dünya təşkilatının Gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə Strukturunun (UN Women – BMT Qadınlar Təşkilatı) icraçı direktorunun müavini Kirsi Madi ilə görüşüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, görüşdə COP29 və COP30 çərçivələrində əməkdaşlıq, qadınların iqtisadi baxımdan gücləndirilməsi, insan kapitalının inkişafı kontekstində qadınların qüvvətləndirilməsi və “Pekin +30” fəaliyyət gündəliyi müzakirə olunub.

Komitə sədri BMT strukturu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qadınların qlobal proseslərdə iştirakı və birgə fəaliyyətinin vacibliyini vurğulayıb. O, Azərbaycanın COP29-a sədrliyi zamanı gender mövzusunun geniş müzakirə edildiyini və ilk dəfə “Gender Günü”nün elan olunduğunu qeyd edib.

B. Muradova işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirildiyini bildirərək qadınların yeni şəraitə uyğunlaşması üçün birgə əməkdaşlığın mümkünlüyünə diqqət çəkib. O, COP30 dövründə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

BMT Qadınlar Təşkilatının icraçı direktorunun müavini Kirsi Madi Azərbaycanı COP29-un uğurla keçirilməsi münasibətilə təbrik edib və COP30 çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib. O, Qadınların Statusu Komissiyasının 69-cu sessiyasının Pekin Bəyannaməsinin 30 illiyi ilə üst-üstə düşdüyünü qeyd edərək qadınların rifahının artırılması üçün 6+1 prioritetin müəyyən edildiyini vurğulayıb.

Kirsi Madi komitəyə qadınların inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkür edib və əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Orphus sistemi