Martın 13-də Azərbaycan Respublikası və Kamboca Krallığı arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Ouç Borit rəhbərlik ediblər.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə ediblər və bu xüsusda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi aparıblar.
Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmalı addımlar ətrafında fikir mübadiləsi aparıblar.