Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk qrupunun Fransadan həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.
XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycanın Xarici İşlər nazirinin təşəbbüsü ilə keçirilən danışıqlarda C.Bayramov fransalı həmsədrə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verib.
Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.
Fransalı həmsədrə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Stefan Viskontinin diqqətinə çatdırılıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını bir daha nümayiş etdirdiyini vurğulayıb.
Stefan Viskonti bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edib və atəşkəsə əməl edilməsinin əhəmiyyətini vurğulayıb.
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin olunması üçün mühüm şərt olmasını qeyd edib.