Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib

Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
Xarici siyasət
23 May , 2024 18:21
Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.

"Report" xəbər verir ki, Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov 106 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanda İstiqlal Bəyannaməsi qəbul edilərək müsəlman dünyasında ilk dünyəvi demokratik cümhuriyyət, o cümlədən çoxmillətli parlamentin və hökumətin qurulduğunu bildirib. 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu xatırladan diplomat ölkəmizin müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində, qarşılıqlı razılıq, ləyaqət və hörmət şəraitində birgə yaşadığı məkan olduğunu qeyd edib. Vurğulayıb ki, multikultural və etnik cəhətdən müxtəlif Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri qoruya bilib. 2002-ci ildə Papa II İohan Pavel, 2016-cı ildə isə Papa Fransisk Azərbaycana səfərləri zamanı ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndiriblər.

İ.Muxtarov Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Müqəddəs Taxt-Tacla siyasi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da artdığını qeyd edib. Bildirib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci ildə Vatikana və 2002-ci ildə Roma Papası İohan Pavelin ölkəmizə səfərləri nəticəsində ikitərəfli münasibətlərin möhkəm təməli qoyulub və bu sıx əməkdaşlıq hazırda uğurla davam etdirilir.

Səfir ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqla mühüm önəm verdiyini, 20-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondunun himayəsi və dəstəyi ilə bir sıra mühüm xristian irsinin qorunması ilə bağlı çoxsaylı layihələrin həyata keçirildiyini vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalından sonra bu il ilk dəfədir ki, Müstəqillik Günü ölkəmizin bütün ərazisində beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində qeyd olunur. O, ölkəmizin hər zaman Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunmasının tərəfdarı olduğunu, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yarandığını bildirib.

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallaher öz çıxışında Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Müqəddəs Tax-Tacın ölkəmizlə əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. O, qarşılıqlı hörmətə, dialoqa və birgə əməkdaşlığa əsaslanan iki ölkənin əlaqələrinin böyük inkişaf yolu keçdiyini, Vatikanın münasibətlərin daha da inkişafına önəm verdiyini qeyd edib.

Cari ildə Heydər Əliyev Fondunun 20 illik yubileyinin qeyd olunduğunu bildirən arxiyepiskop Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Taxt-Tac ilə fond arasında qurulmuş uğurlu əməkdaşlığın Vatikanda yerləşən dünya əhəmiyyətli bir sıra tarixi abidələrin bərpasına töhfə verdiyini vurğulayıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdırıb, bu layihələrin Vatikanda yüksək qiymətləndirildiyi deyib.

Paul Riçard Qallaher Müqəddəs Taxt-Tacı Azərbaycan xalqı ilə birləşdirən humanitar məsələlərdən tutmuş təhlükəsizlik məsələlərini, eləcə də davamlı sülh axtarışını əhatə edən geniş spektrli ortaq qayğıları və niyyətləri xatırlayaraq, Azərbaycanın zəngin mədəni müxtəlifliyi və mənəvi ənənələrinin onu Katolik kilsəsi ilə dialoqa açıq bir dövlət etdiyini bildirib. Bu xüsusda o, fürsətdən istifadə edərək Bakıda yeni katolik kilsəsinin tikintisi məqsədilə torpaq sahəsi ayrıldığına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edib.

Mərasimdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac əlaqələrinə dair videoçarx və fotosərgi nümayiş olunub. Əməkdar artist, tarzən Sahib Paşazadənin və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərovanın ifasında Azərbaycan musiqiləri səsləndirilib. Sonda milli mətbəx nümunələrindən ibarət rəsmi ziyafət verilib.

Son xəbərlər

Orphus sistemi