Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanaq Maniqi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə qəbul edib.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salınıb, iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
X.Xələfov Azərbaycan və Almaniya arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini və iqtisadi sahədə müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edib. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu vurğulayıb. Bu mənada ötən ay xarici işlər və energetika nazirlərinin Berlinə işgüzar səfərlərinin Almaniyanın yeni hökuməti ilə ikitərəfli gündəlikdəki məsələlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verərək Almaniyanın regionda yaranmış yeni reallıqlara anlayışla yanaşmasını müsbət qiymətləndirib.
Səfir Volfqanaq Maniq diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini ifadə edərək, Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb. Səfir baş tutmuş ikitərəfli yüksək səviyyəli səfərlərin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. V.Maniq Səfirliyin Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətinə xüsusi önəm verdiyini və bunun humanitar sahədə əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin 19-cu əsrdə alman icmasının Azərbaycanda məskunlaşması tarixi mirasının xalqlarımız arasındakı xoş münasibətlərə təsiri məmnunluqla xatırlanıb. Daha sonra tərəflər diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış fotoalbomla tanış olub.