"Azərbaycan və İsrail iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edə bilər ki, bura 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpası da daxildir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan 2022-2026-cı illər üçün özünün inkişaf strategiyasını müəyyən edib və bu strategiyaya müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı, işğaldan azad edilmiş ərazilərin bərpası, inkişafı və s. daxildir.
Bu o deməkdir ki, Azərbaycan və İsrailin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var.
“Burada iştirak edən İsrail nümayəndələri bu işə öz töhfələrini verə və öz ölkələrində Azərbaycanda yaradılmış imkanlar barədə danışa bilərlər”, - səfir deyib. O, İsrailə qayıtdıqdan sonra biznes nümayəndələri ilə müzakirələr aparmağı səbirsizliklə gözlədiyini qeyd edib.