“Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını dəstəkləyir. Bu, regional əməkdaşlığın inkişafına töhfə verir”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin qurulması yalnız beynəlxalq hüquq əsasında həyata keçirilə bilər: "Azərbaycan və Türkiyə hər zaman beynəlxalq hüququ əsas götürüb, Ermənistan isə yox".
Xatırladaq ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımların atılacağını bildirib. O, Türkiyənin Ermənistana çarter reysləri açmaq niyyətində olduğunu qeyd edib.
Daha sonra Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin olunub.