ABŞ-ın Corc Vaşinqton Universitetində "Sülh naminə təhsil: Körpülərin Qurulması" (Education for Peace: Building Bridges) başlıqlı panel müzakirəsi keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, ABŞ-Azərbaycan Akademikləri Şəbəkəsi (US-Azerbaijan Network of Academics - ANA) tərəfindən təşkil olunmuş tədbir universitetin professoru Ceyms Uilyamsın moderatorluğu ilə baş tutub.
Müzakirələrdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, ABŞ-ın ən iri beyin mərkəzlərindən biri olan Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və İnstitutun baş elmi işçisi Maykl (Michael) Doran və İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Mərkəzinin prezidenti Vasif Eyvazzadə iştirak edib.
Tədbirdə sülh təşəbbüslərinin dəstəklənməsində təhsilin əhəmiyyəti, sülh quruculuğu ilə bağlı təşəbbüslərin inkişafı və həyata keçirilməsində ən yaxşı üsullar müzakirə olunub. Müzakirələrdə təhsil vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqi imkanları və bununla əlaqədar çətinliklər və dünyanın müxtəlif bölgələrində sülhün təmin edilməsi istiqamətində atılması vacib hesab edilən addımlar ətrafında fikir mübadiləsi aparılıb.
X.İbrahim çıxışında Azərbaycanın regional və qlobal səviyyədə baş verən bütün məsələlərin mərkəzində yerləşdiyini və buna görə də, beynəlxalq siyasətdə əsas aktorlardan biri olduğunu qeyd edib.
Səfir Azərbaycanın yerləşdiyi regionun inkişafına əvəzolunmaz töhfə verdiyini və hazırda da regionda sülhün bərpa olunması istiqamətində ciddi addımlar atdığını diqqətə çatdırıb. O, çıxışında sülhün bərpa olunması prosesində əsas meyar kimi beynəlxalq hüququn norma və prinsiplərinin nəzərə alınmalı olduğunu və Azərbaycanın da daim bu istiqamətdə çıxış etdiyini vurğulayıb.
Səfir, sülhün əldə olunması üçün tərəflərin xarici siyasətdə azad qərar vermə imkanına malik olmasının zəruriliyinə diqqət çəkib və Azərbaycanın bu istiqamətdə nümunə ola biləcəyini deyib.
Daha sonra, sual-cavab sessiyasında qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Tədbir zalında, "Azərxalça" ASC və ABŞ-Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş razılıq əsasında ABŞ-a gətirilmiş Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar sərgilənib və milli mətbəximizin təamları qonaqlara təqdim edilib.