Bakı. 11 noyabr. REPORT.AZ/ Macarıstanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin bu ölkənin baş naziri Viktor Orbanla geniş tərkibdə görüşü olub.
"Report"un məlumatına görə, geniş tərkibdə görüşdə çıxış edən V.Orban prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb. Baş nazir Azərbaycanın iqtisadi tərəqqisi, o cümlədən qeyri-neft sektorunun inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb.
Macarıstan hökumətinin başçısı onunla İ.Əliyev arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolunu da vurğulayıb, əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.
Azərbaycan prezidenti İ.Əliyev isə çıxışında deyib ki, ölkələr arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və bu əlaqələr qarşılıqlı etimada söykənir.
Dövlət başçısının sözlərinə görə, iki ölkə arasında güclü siyasi əlaqələr mövcuddur və iqtisadi sahədə də münasibətlər uğurla inkişaf edir, ticarət dövriyyəsi artır və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər mövcuddur.
Görüş zamanı həmçinin əlaqələrin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulanıb, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib. Azərbaycanla Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.