Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionu qəbul edib.
"Report"un məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar.
İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammanın ölkəmizə builki səfərinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev Mauro Dell’Ambrogionun Azərbaycana bu səfərinin də əlaqələrimizin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Təhsil, innovasiya istiqamətlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan dünən Şəki şəhərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzinin açılışında iştirak etməsini məmnunluqla qeyd edib.
İsveçrənin texnologiyalar sahəsində çox yaxşı təcrübə qazandığını vurğulayan Prezident İlham Əliyev bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı imkanların olduğunu deyib.
İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ölkəmizdə keçirdiyi görüşlər barədə dövlət başçısına məlumat verərək Təhsil Nazirliyində ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair Saziş imzaladıqlarını və ADA Universitetində olduqlarını məmnunluqla qeyd edib. O, bu səfəri çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) mühazirəsi zamanı da elm və təhsil sahələrinin inkişafının və bu sahədə əməkdaşlığın önəmi barədə danışdığını deyib. Turizm sahəsində əməkdaşlığa toxunan Mauro Dell’Ambrogio İsveçrə Turizm Təşkilatı ilə Azərbaycan Turizm Agentliyi arasında imzalanan Sazişin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının önəmini qeyd edib.
Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
*** 12:00
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.