Azərbaycan nümayəndə heyəti 30 sentyabr - 1 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammitində iştirak edib.
"Report"un Muğan bürosunun məlumatına görə, forumda iştirak edən Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molcean, BMT-nin Cenevrə bölməsinin (UNOG) Baş direktoru ofisinin rəhbəri xanım Lidiya Qriqoreva, BMT-nin Cenevrə ofisindəki Azərbaycan Respublikasının Daimi Nümayəndəsi Qalib İsrafilov və digər şəxslərlə görüşlər keçirib.
Sammitdə ayrı-ayrı sahələr üzrə şəhərlərin gələcəyi istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, BMT-nin Merlər Forumu 13 yanvar 2023-cü il tarixdə BMT-nın Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər və ECE icra qərarları ilə Şəhərsalma, Mənzil və Torpaq İdarəetmə Komitəsinin orqanı kimi yaradılıb.
Forumun əsas məqsədi şəhər başçıları arasında fikir mübadilələri aparmaq, ən yaxşı təcrübələri paylaşmaq, şəhərlərin inkişafı, davamlılıq və idarəetmə ilə bağlı ümumi problemləri müzakirə etmək, şəbəkələşmiş və inklüziv çoxtərəfli sistemin yerli, regional və qlobal səviyyədə inkişafına töhfə verməkdir.