Fransalı ekspert: "Azərbaycan koronavirusla mübarizədə uğurlu nəticələr əldə edib"

Fransalı ekspert: "Azərbaycan koronavirusla mübarizədə uğurlu nəticələr əldə edib" “Koronavirus müsəlmanlarla yəhudilər arasında həmrəyliyə səbəb olub“.
Xarici siyasət
2 İyun , 2020 14:49
Fransalı ekspert: Azərbaycan koronavirusla mübarizədə uğurlu nəticələr əldə edib

“Koronavirus müsəlmanlarla yəhudilər arasında həmrəyliyə səbəb olub“. 

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın direktoru Erik Gozlan bildirib.

Onun sözlərinə görə, koronavirus dünyada həmrəyliyin əhəmiyyətini bir daha gündəmə gətirib: “Virusun yayıldığı ilkin mərhələdə bizdə belə bir təəssürat var idi ki, ölkələr bir-birilərindən təcrid olunmaq üzrədirlər. Bu, xüsusilə Avropada özünü daha kəskin şəkildə göstərirdi. Tibbi maskalara, süni nəfəs aparatlarına ehtiyacı olan İtaliyanın çağırışına çox az ölkə cavab verdi. Bununla belə, ölkələr tək əldən səs çıxmayacağını anlamağa başladılar. Digər ölkələrin tibbi təcrübələrindən yararlanmaq faydalıdır. Həkimlərin, dərmanların mübadiləsi, koronavirusla mübarizə üçün birgə fondların yaradılmasına, xəstələrin bir ölkədən digərinə müalicə üçün aparılmasına başlanıldı. Nəticədə yeni tərəfdaşlıq əlaqələri quruldu. Artıq hamı birgə işləməyin vacibliyini başa düşməyə başlayıb. Bugünkü kimi pul üzərində qurulmuş sistemdə yaşamaqda davam edə bilmərik. Bu vacib məsələni düşünmək isə dövlətlərin üzərinə düşür. Azərbaycan isə bu həmrəyliyi nümayiş etdirən ilk dövlətlərdəndir". 

Ekspert deyib ki, Azərbaycan hökuməti ilk gündən digər ölkələrdən öyrənməyə, təcrübə mübadiləsi aparmağa çalışıb: "Azərbaycanda koronavirusa yoluxma halları digər ölkələrə nisbətən daha gec başlayıb. Halbuki qonşu dövlətlərdə virus çoxdan yayılmışdı. Çünki Azərbaycan digər ölkələrdə virusa qarşı görülən tədbirləri yaxından izlənilməklə epidemiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edib. Bu gün Azərbaycanda çox az yoluxma halı qeydə alınıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əsas virus qurbanlarının deyil, sağalan xəstələrin sayıdır. Azərbaycanda sağalan xəstələrin sayı isə çoxluq təşkil edir. Azərbaycan bu nəticələrə görə digər ölkələrə nümunə ola bilər". 

E.Gozlan vurğulayıb ki, Azərbaycan bu gün koronavirusun gündəmə gətirdiyi dinlərarası həmrəylik məsələlərində də mühüm işlər görüb: “Azərbaycan dinlərarası dialoq mövzusuna hər zaman böyük əhəmiyyət verib, bu əlaqələrin gücləndirilməsi üçün mühüm beynəlxalq tədbirlər təşkil edib. Bu gün dünyanı bürüyən dəhşətli pandemiya İsrail ilə Körfəz ölkələrinin xəstəxənaları arasında əlaqələrin inkişafına səbəb olub. İsraildə yəhudilər ilə müsəlman həkimlər, əczaçılar birlikdə işləməyə başlayıblar. Qüds şəhərinin müsəlman məhəlləsində fəaliyyət göstərən xəstəxanalarla yəhudi məhəlləsindəki xəstəxanalar arasında da münasibətlər bərpa olunmaqdadır. Bu xəstəxanalarda dinindən asılı olmayaraq koronavirusa yoluxmuş bütün xəstələr müalicə olunurlar. Bütün bunlar dünyanın dəyişmək üzrə olduğunu nümayiş etdirir". 

Qeyd edək ki, hazırkı dövrədək Azərbaycanda 5 662 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi