Azərbaycan Koreyadakı səfiri parlamentin sədri ilə görüşüb

Xarici siyasət
  • 25 avqust, 2018
  • 13:29
Azərbaycan Koreyadakı səfiri parlamentin sədri ilə görüşüb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Koreyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəmzi Teymurov Koreya parlamentinin sədri Mun Hi-sanq ilə görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüş zamanı R.Teymurov Mun Hi-sanqı Koreya parlamentinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. Səfir Azərbaycan və Koreya arasında mövcud əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində həmçinin yüksək səviyyəli səfərlərin əhəmiyyətli olduğunu qeyd edərək, 2017-ci ildə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Koreyaya rəsmi səfərinin qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib.

Bununla yanaşı, səfir R.Teymurov 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini və bu çərçivədə bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirildiyini vurğulayıb.

Koreya Parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. O, hər iki xalqın tarixində və mədəniyyətində mövcud olan bu kimi vacib hadisələrlə bağlı keçirilən müxtəlif tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında və anlamasında əhəmiyyətli rol oynadığını söyləyib. Mun Hi-sanq ötən illər ərzində Azərbaycan və Koreya arasında əlaqələrin inkişaf etdiyini və xüsusi ilə qanunverici orqanlar arasında intensiv təmasların mövcud olduğunu təsdiq edib və Parlamentin yeni sədri olaraq ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə çalışacağını bildirib.

Görüşdə həmçinin, Azərbaycan Koreya əlaqələrin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıraməsələlər ətrafında o cümlədən, Koreya yarımadasında yaranmış mövcud siyasi vəziyyət və Azərbaycan-Ermənistan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

44 filmi