“Azərbaycanın regiondakı mövqeyi iqtisadiyyatın miqyasına görə xeyli tutarlıdır”.
Bunu “Report”a Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev deyib.
O, Rusiyanın mobil rabitə operatoru “Meqafon”un ötən gün Azərbaycandan üzr istəməsini şərh edərkən bildirib.
İşğal olunmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyətlərinin sanksiyalar və ya beynəlxalq məhkəmə vasitəsilə qarşısını almağın müşkül olduğunu qeyd edən ekspert beynəlxalq məhkəmədə işin baxılmasına çəkilən xərclərin mümkün cərimənin məbləğindən daha yüksək olduğunu bildirib: "Bununla yanaşı, xarici ölkələrin şirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlərin Ermənistan hüquqi şəxslərinin separatçı rejimlə əməkdaşlığına təsir etmədiyini də diqqətə çatdırıb. Odur ki, bu kimi hallar çox olmasa belə, təkrarlana bilər".
Rusiyalı politoloq bununla belə Azərbaycanın vəziyyətə həqiqi təsir etmək üçün kifayət qədər əsaslı mövqeləri olduğunu vurğulayıb.
“Bu kimi pozuntuları aradan qaldırmaq üçün “yüngül”dən tutmuş ciddi səviyyəyədək araşdırmaların aparılması Azərbaycan iqtisadiyyatının gücünü göstərir. Yəni Azərbaycan iqtisadiyyatının ölçüləri və qonşu ölkələrə təsiri baxımdan nə qədər əhəmiyyətli amil olduğu üzə çıxır”, – A.Karavayev diqqətə çatdırıb.