"Azərbaycan Ermənistana mövcudiyyətini qorumaq üçün ikinci şans verir" - RƏY

"Azərbaycan Ermənistana mövcudiyyətini qorumaq üçün ikinci şans verir" - RƏY "Postmüharibə dövrünün ən böyük zərurətlərindən biri heç şübhəsiz ki, artıq başa çatmış münaqişənin tərəfləri arasında yekun sülh razılığının əldə olunmasıdır".
Xarici siyasət
2 Oktyabr , 2021 17:42
Azərbaycan Ermənistana mövcudiyyətini qorumaq üçün ikinci şans verir - RƏY
Prezident İlham Əliyev

"Postmüharibə dövrünün ən böyük zərurətlərindən biri heç şübhəsiz ki, artıq başa çatmış münaqişənin tərəfləri arasında yekun sülh razılığının əldə olunmasıdır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat təəssüflə qeyd edib ki, bölgədə sülh və sabitlik üçün hələ ki, yalnız birtərəfli olaraq rəsmi Bakının səyləri nəzərə çarpır, Ermənistan və havadarları isə başa çatmış münaqişəni yenidən alovlandırmaq, bununla da 103 illik hay dövlətçiliyinin sonunu gətirə biləcək təhlükəli manipulyasiyalar etməkdədirlər: "Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın "EFE" informasiya agentliyinə müsahibəsi Avropa və erməni diasporunun kifayət qədər güclü olduğu Latın Amerikası regionu başda olmaqla, beynəlxalq ictimaiyyətə reallığı bir daha qavramaq üçün mühüm bələdçi oldu. 44 günlük müharibə göstərdi ki, nə diaspor, nə də beynəlxalq havadarları təcavüzkar Ermənistanı Azərbaycanın "dəmir yumruğ"ndan qoruya bilmədi və Azərbaycan birmənalı üstünlüklə İrəvanı kapituliyasiyaya məcbur etdi. Bütün imkan və güc vasitələrinə malik olmasına baxmayaraq Azərbaycan Ordusu ölkənin beynəlxalq hüquqla müəyyənləşmiş sərhədlərindən kənara çıxmadı".

Onun sözlərinə görə, qalib tərəf olmasına baxmayaraq Azərbaycan bu gün Prezident İlham Əliyevin müsahibəsində də qeyd etdiyi kimi, Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq niyyətini, dərhal sərhədlərimizin delimitasiyası və bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazır olduğunu bəyan edir: "Yəni, rəsmi Bakı faktiki olaraq İrəvana mövcudiyyətini qorunması üçün ikinci şans verir. Bir daha nəzərə alaq ki, bu xoş niyyəti göstərən rüsvayçılıqla məğlub olan yox, şanlı zəfər qazanan tərəfdir və bu siyasi alicənablıq tarixdə o qədər də çox rast gəlinməyən azsaylı müstəsna humanist nümunələrdən biridir. Belə bir fonda İrəvanın hərəkətsizliyi təbii ki, suallar meydana çıxarır və Prezident İlham Əliyev də "EFE"nin çoxmilyonlu auditoriyası qarşısında məhz bu sualları meydana çıxaran faktorları çox səlist və anlaşılan formada izah edib. Reallıq ondan ibarətdir ki, bu gün bəzi dünya gücləri nədənsə ermənilərdən daha çox erməni olmaq xəyalına düşüblər.

Məsələn, dövlət başçısının da vurğuladığı kimi, biz Ermənistandan Qarabağ iqtisadi rayonunun bir hissəsini əhatə edən məlum ərazinin "statusu" ilə bağlı heç bir bəyanat eşitməmişik, "status" fikirləri daha çox münaqişəyə aidiyyatı olmayan üçüncü tərəflərdən gəlir. Əlbəttə ki, bu yolverilməzdir və zahirən Azərbaycana yönəlsə də nəticə olaraq Ermənistanın məhvinə gətirib çıxara bilən təhlükəli tendensiyadır. Sirr deyil ki, bu gün Bakıda Xankəndi və ətraf ərazilərdən daha çox erməni yaşayır. Onlar bizim digər vətəndaşlarımızla eyni hüquq və vəzifələrə malik olmaqla cəmiyyətimizin ayrılmaz parçası kimi həyatlarına davam edirlər. Ölkə başçısının qeyd etdiyi kimi, eləcə də "Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq". Belə olan halda birgəyaşayışla bağlı hansısa təhlükəli ssenarilər uydurmağa gərək yoxdur və maraqlıdır ki, heç Qarabağ erməniləri özləri də Azərbaycana təhlükə mənbəyi kimi baxmır, əksinə, münaqişə başa çatdıqdan bir neçə ay sonra artıq Azərbaycan tərəfə iş üçün xeyli erməni mənşəli vətəndaşın müraciətləri daxil olub. Belə bir situasiyada "status" yaxud hər hansı "müqəddəratı təyinetmə" ilə bağlı fitnəkar bəyanatlar normallaşma prosesinə kənardan maneədir və zərərini də elə ən çox erməni tərəfi çəkməkdədir.

Bəhruz Məhərrəmov
Bəhruz Məhərrəmov

Dövlət başçısının narahatlığını ifadə etdiyi digər vacib nüans da məhz Ermənistanda bəzi dairələrin bu kimi əsassız müdaxilələrdən cəsarətlənərək tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərində bulunması ilə bağlıdır. Şübhəsiz ki, hərbi potensialının əsas hissəsi məhv edilmiş Ermənistanın belə bir şansı yoxdur və bu reallığı hər kəsdən əvvəl İrəvan və ehtiyatsız addımlar atan üçüncü tərəflər anlamalıdır".

"Hər şeydən öncə başa düşülməlidir ki, bu gün regionda siyasi durum kifayət qədər həssasdır və bölgədə istənilən fəaliyyət yalnız bu vəziyyət nəzərə alınaraq həyata keçirilə bilər. Əks halda xoş niyyət belə, Cənubi Qafqazda fəlakətə yol aça bilər. Bu mənada, rəsmi Bakı üçün tərəfdaşı hesab etdiyi Avropa İttifaqının İrəvana münasibətdə addımları anlaşılmazdır. Bildiyimiz kimi, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin hüdudları daxilində aparılıb. Bütün hallarda ziyan və dağıntı yalnız Azərbaycan ərazilərini əhatələyib. Belə bir şəraitdə Avropa İttifaqının Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım etməyə hazırlaşması təəccüb doğurur. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin müsahibədə gündəmə gətirdiyi və narahatlığını ifadə etdiyi məsələlərdən biri bu yardımla bağlı əsassız yanaşma oldu. Dövlət başçısı haqlı olaraq həmin həcmdə məbləğin eyni şərtlərlə işğaldan əziyyət çəkmiş tərəfə - Azərbaycana da təklif edilməli olduğunu bildirdi. Azərbaycan bütün hallarda nəinki öz tərəfdaşlarına, hətta, münaqişə davam etdiyi dövrdə belə Ermənistanın özünə də həmişə dürüst davranıb. Bu gün rəsmi Bakının tələbi ədalətlidir ki, Avropa İttifaqı da bizə qarşı özünü dürüst aparmalıdır. Xüsusən nəzərə alsaq ki, Avropa üçün heç nə vəd etməyib, yalnız siyasi dilənçiliklə məşğul olan, daim nəsə uman Ermənistandan fərqli olaraq Avropa İttifaqı üçün Azərbaycan əsas enerji ehtiyatlarının sabit və etibarlı təhcizatçısıdır. Bundan başqa, Avropa İttifaqı qaz təhcizatının həcminin artırılmasında maraqlıdır. Bu mənada ölkə başçısının mövqeyi qəti oldu ki, "biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik."

Son xəbərlər

Orphus sistemi