Yuxarı

Azərbaycan baş nazirinin müavini Türkiyə səfirliyinə gələrək başsağlığı verib

Abid Şərifov Türkiyə səfirliyində açılmış xatirə kitabında öz qeydlərini edib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini Abid Şərifov Türkiyə səfirliyinə gedərək səfir İsmail Alper Coşkuna başsağlığı verib. 

“Report”un əməkdaşı xəbər verir ki, Abid Şərifov Türkiyənin Azərbaycandakı səfirliyində iyunun 28-də İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror hadisəsi ilə bağlı açılmış xatirə kitabında öz qeydlərini də edib.

Bundan əlavə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da Türkiyə xalqı və hökumətinə bu kədəri bölüşmək və terrora qarşı mücadilədə həmrəy olduğunu bildirmək üçün səfirlikdə olub.

Qeyd edək ki, paytaxt sakinləri də terror hücumu ilə əlaqədar ikinci gündür başsağlığı əlaməti olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə gül aparmaqda davam edir. Səfirliyin qarşısında İstanbulda törədilmiş terrorda dünyasını dəyişənlərin xatirəsini yad edən sadə vətəndaşların gətirdikləri gül dəstələri düzülüb.

Xatırladaq ki, iyunun 28-də üç terrorçu İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında terror aktı törədib. Üç partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb. Terror aktına görə, Türkiyədə bir günlük matəm elan olunub. Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endirilib. Hadisə ilə əlaqədar dünya liderləri Türkiyəyə başsağlığı verərək terrora qarşı olduqlarını bəyan ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi