27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfəri çərçivəsində BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq işləri müzakirə edilib. Nazir Forumun keçirilməsində göstərdiyi dəstəyə görə BMT baş katibinə təşəkkürünü bildirib. A.Rəhimov, həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat verib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları və bu mötəbər tədbirə hazırlıq işləri haqqında Pan Gi Muna məlumat verib. O, Oyunların Avropa qitəsində ilk dəfə keçirilməsinin əhəmiyyətini vurğulayıb.
BMT baş katibi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasəti yüksək qiymətləndirib, reallaşdırılan tədbirlərin respublikamızın inkişafına yönəldiyini qeyd edib. Azərbaycanın mühüm geostrateji mövqedə yerləşdiyini, regionda önəmli rol oynadığını vurğulayan Pan Gi Mun ölkəmizdə bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirib.
Pan Gi Mun salamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.