Aya Mohanna: İqlim risklərinin inteqrasiyası məsələsi ərəb regionu ölkələri üçün həlledici amilə çevrilir
- 19 may, 2026
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim risklərinin şəhərsalma və iqtisadi inkişafa inteqrasiyası məsələsi ərəb regionu ölkələri üçün həlledici amilə çevrilir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Ərəb Dövlətləri üzrə Regional Bürosunun dayanıqlılıq və risklər nəzərə alınmaqla inkişaf məsələləri üzrə regional mütəxəssisi Aya Mohanna (Aya Mohanna) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı ərəb şəhərləri üçün təbiətyönümlü həllər: lokal fəaliyyətlərdən şəhər transformasiyasına" mövzusunda tədbirdə bildirib.
"Təbiətyönümlü həllər və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində səmərəli təşəbbüslər o zaman yaxşı nəticələr göstərir ki, onlara ayrıca bir ekoloji siyasət kimi deyil, kompleks şəhər inkişafının bir hissəsi kimi baxılır", - o bildirib.
A.Mohanna vurğulayıb ki, iqlim riskləri məsələləri su ehtiyatlarının idarə edilməsinə, şəhər planlaşdırmasına, torpaqdan istifadəyə, eləcə də iqtisadi və sosial proseslərə inteqrasiya olunmalıdır.
O qeyd edib ki, risklər həyatın bütün sahələrinə təsir göstərir A.Mohanna, nümunə olaraq infrastruktura və mədəni irsə ziyan vuran daşqınların fəsadlarını göstərib. O, həmçinin ekstremal istilərin enerji sistemlərinə və əmək məhsuldarlığına təsirini, eləcə də su qıtlığının ərzaq təhlükəsizliyinə və insanların həyat keyfiyyətinə necə təsir göstərdiyini xatırladıb.
Ayrıca olaraq A.Mohanna regionda reallaşdırılan layihələrdən nümunələr gətirib: "Misirdə Su Ehtiyatları və İrriqasiya Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində layihə həyata keçirilir ki, bu layihə ərazilərin inkişafının uzunmüddətli planlaşdırılması üçün təbiətyönümlü həlləri sahil zonalarının idarə edilməsi sistemi və s. ilə özündə birləşdirir".
O, həmçinin Şarm-əş-Şeyxin yaşıllaşdırılması təşəbbüsünü xatırladaraq qeyd edib ki, layihə təkcə ekoloji məqsədlərə deyil, həm də turizm sektorunun dəstəklənməsinə və şəhərin investisiya cəlbediciliyinə yönəlib: "Bundan əlavə, BMT-nin İnkişaf Proqramının Somalidə 17 şəhəri əhatə edəcək və ekosistemlərin bərpasını, habelə biznesin, eləcə də qadınların və gənclərin iştirakı ilə "yaşıl infrastruktur"un inkişafını birləşdirəcək bir proqram hazırlayır. Bu cür yanaşma iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini yerli səviyyədə iqtisadi dayanıqlıq və inkişafla birbaşa əlaqələndirməyə imkan verir".