Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanla Avstriya arasındakı münasibətlər yeni sahələrə yönəldilə bilər.
“Report” xəbər verir ki, bunu Avstriya Milli Gününə həsr olunan tədbirdə sözügedən ölkənin Azərbaycandakı səfiri Aksel Vex deyib.
“İki ölkə arasında mədəni, siyasi, iqtisadi sahələrdə artan əlaqələrin şahidi oluruq. Hətta iqtisadi çətinliklərin meydana çıxdığı 2016-2017-ci illər ərzində belə Avstriya şirkətlərinin əksəriyyəti Azərbaycanda işləməyə davam etdilər. Bu da Azərbaycanla əlaqələrimizin davamlı və uzun perspektivə yönəldiyinə dəlalət edir. Siyasi baxımdan Avstriyanın 2017-ci ildə ATƏT-dəki sədrliyi mühüm əhəmiyyət kəsb edirdi”, – deyə diplomat bildirib və qeyd edib ki, iki ölkə arasında münasibətlər yeni istiqamətlərdə inkişaf etdirilə bilər.
Həmçinin tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanı müstəqil dövlət olaraq ilk tanıyanlar arasında Avstriyanın da olduğunu diqqətə çatdırıb və ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğunu qeyd edib.
Bundan əvvəl Avstriyanın Azərbaycana təyin olunan yeni səfirinin adı məlum olub.