“UCLG Afrika – ASAN – AMPCC Yerli Afrika Dövlət Xidməti Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
“Report” xəbər verir ki, qaliblər dövlət xidmətlərində səmərəliliyi və innovasiyası ilə fərqlənən Kiqali şəhəri (Ruandanın paytaxtı) və Berkan şəhəri (Mərakeş) olub.
Bu beynəlxalq mükafat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və UCLG Afrika təşkilatının təşəbbüsü, həmçinin Mərakeş Merləri Assosiasiyası ilə tərəfdaşlıq əsasında təsis edilib.
Mükafatın məqsədi Afrika qitəsində yerli və regional hökumətlər tərəfindən yerli idarəetmədə və ictimai xidmətlərin çatdırılmasında problemlərin azaldılması və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübə və təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafatlandırılmasıdır.
Qalib şəhərlər dövlət xidmətləri və sosial innovasiyalar sahəsində Dövlət Agentliyinin təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
“ASAN xidmət”in təcrübəsi ilə yanaşı, Afrika qitəsi ölkələrində müvafiq sahələr üzrə qabaqcıl həllər geniş şəkildə öyrəniləcək və təbliğ ediləcək.