Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.
“Report” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasif Talıbov ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın blokada şəraitində yaşadığını bildirib.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin sədri Naxçıvanla Argentina arasında əlaqələrin, xüsusən universitetlərarası əməkdaşlığın inkişafı üçün potensialın olduğunu vurğulayıb.
Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edən Serxio Osvaldo Perez Qunella Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayan diplomat əcnəbilər üçün Naxçıvanın olduqca cəlbedici olduğunu və muxtar respublikanın inkişafının bir çox sahədə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xatirə şəkli çəkdirilib.