“Tehran diqqəti daxili iğtişaşlardan yayındırmaq, Bakı ilə İrəvan arasında sülh prosesini pozmaq üçün bütün imkanlardan istifadə edir, çünki o, ümumilikdə Bakının siyasəti ilə razı deyil və Azərbaycanla Avropa İttifaqı, eləcə də Azərbaycanla İsrail arasında münasibətlərin zəifləməsində maraqlıdır”.
Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman bildirib.
Ekspertin fikrincə, Azərbaycanın İrandakı səfirliyinə hücum təsadüfi deyil: “Vyana Konvensiyası təsadüfən deyil, qəsdən pozulub. Son hadisə Bakını qorxutmaq üçün verilmiş siyasi siqnaldır. Odur ki, cavab qəti və rəsmi olmalıdır”.
İ.Zukermanın sözlərinə görə, ilk növbədə, səfirlik əməkdaşlarının təhlükəsizliyini tam təmin etmək lazımdır, bu xain hücumun təşkilatçılarını, o cümlədən onların arxasında duran məmurları müəyyən etmək üçün tədbirlər görülməlidir: “Əks halda bu, səfirin ölkədən geri çağırılması və diplomatik münasibətlərin məhdudlaşdırılması da daxil olmaqla, diplomatik münasibətlərə zərbə ola bilər”.