ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik, hüquqşünas İrina Zukerman Fransa Prezidenti Emmanuel Makronun öz maraqlarını güdmək üçün Azərbaycana qarşı yanlış strategiya seçdiyini bildirib.
O, “Report”a açıqlamasında deyib ki, Azərbaycan və Fransanın diplomatik münasibətləri açıq şəkildə aşağı salmağa çalışdığına dair heç bir dəlil olmasa da, Fransanın iki diplomatının “arzuolunmaz şəxs” elan edilməsi Bakı və Paris arasında təhlükəsizlik sahəsində əməkdaşlığın pisləşməsinə işarədir: "Bu addım həm də Fransanın getdikcə daha çox dost olmayan dövlət kimi qəbul edilməsindən xəbər verir. Sözügedən hadisə Fransa üçün ictimai biabırçılıqdır. Üstəlik, onun növbəti ermənipərəst fəaliyyəti barədə xəbərdarlıqdır. Halbuki Azərbaycan fransız diplomatları “persona-non-grata" elan etməklə diplomatik pərdə altında fəaliyyət göstərən kəşfiyyatçıların Azərbaycanın maraqlarına zidd casusluq fəaliyyətinə etirazını bildirib”.
İ.Zukerman vurğulayıb ki, bu iki şəxsin üzə çıxarılması strateji mesajdır: “Özü də bu epizod Fransa və Azərbaycan arasında gərginliyin artdığı, Fransa Prezidenti Emmanuel Makronun siyasi baxımdan Ermənistanın tərəfini tutduğu, regional inteqrasiyanı pozan və Avropa təsisatlarında anti-Bakı xətti tutduğu bir vaxta təsadüf edir. Bu, Azərbaycanın aqressiv siyasi izləməyə və müdaxiləyə qarşı qırmızı xətt çəkməsi ilə münasibətlərin pisləşməsinin əlamətidir”.
Siyasi şərhçi qeyd edib ki, müəyyən bir vaxta kimi Fransa hər iki tərəfdə oynaya bildi: “Belə ki, bir tərəfdən öz tarixi ermənipərəst xəttini davam etdirdi, digər tərəfdən Bakı ilə Aİ çərçivəsində çoxtərəfli razılaşmaların bir hissəsi kimi bir çox əməkdaşlıq formalarını ehtiva edən əlaqələrin faydalarından istifadə etdi. Böyük erməni diasporunun güclü təsiri və Cənubi Qafqazda güc oyunu potensialına görə Fransanın mövqeyini dəyişməsi üçün heç bir səbəb görməyib. Üstəlik, bəzi gərginliklər Bakı ilə bağlı hər hansı konkret məsələdən ziyadə Fransanın Türkiyə ilə yaşadığı gərginliyin daha geniş kontekstindən qaynaqlanır. Yəni Makron Bakıya sadəcə Ankara siyasətinin davamı kimi yanaşaraq və bu məsələləri Azərbaycanın gündəminə daşıyaraq öz maraqlarını güdmək üçün yanlış strategiya seçib. Daha ağıllı mövqe Azərbaycanı Türkiyəyə yaxınlaşdırmaqdansa, onunla müsbət əlaqələr qurmaq olardı”.
İ.Zukerman söyləyib ki, növbəti addımlar Fransanın bu hadisədən düzgün dərs çıxararaq Bakı ilə münasibətləri yaxşılaşdırmaq üçün səy göstərib-göstərməməsindən asılıdır: “Görək, Fransa bunumu edəcək, yoxsa sadəcə gələcəkdə yaxalanmamağamı diqqət yetirəcək. Hər halda münasibətlərin yenidən tənzimlənməsi bütün tərəflər üçün arzuolunan olardı. Fransa beynəlxalq arenada artan rol oynayan və bir çox sahələrdə əməkdaşlıq üçün tərəfdaş ola biləcək aparıcı Cənubi Qafqaz dövlətinə qarşı birmənalı şəkildə qərəzli görünməsə, onun regionda daha böyük və daha müsbət rol oynaya biləcəyi müzakirə edilə bilər”.