“Afrika Birləşmiş Şəhərləri və Yerli Hökumətləri (UCLG Africa) Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə fəal əməkdaşlıq edir”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Afrika Yerli İdarəetmə Akademiyasının (ALGA) rəhbəri Nacat Zarruk deyib.
Onun sözlərinə görə, “ASAN xidmət”lə əməkdaşlıq 2017-ci ildə başlayıb: “UCLG ilə “ASAN xidmət” arasında davamlı əməkdaşlıq mövcuddur. Bu ilin may ayında Kisumu şəhərində agentliklər arasında imzalanmış memoranduma əsasən, Afrikada yerli hökumətin ictimai xidmətini təşviq etmək üçün bir mükafat təsis edilib”.
N.Zarruk xatırladıb ki, bu gün Afrikanın ictimai xidmətlər sahəsində səmərəliliyi və innovasiyası ilə seçilən iki şəhəri mükafatlandırılıb.
Xatırladaq ki, mükafatın məqsədi Afrika qitəsində yerli və regional hökumətlər tərəfindən yerli idarəetmədə və ictimai xidmətlərin çatdırılmasında problemlərin azaldılması və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübə və təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafatlandırılmasıdır.