“İranlılar fundamental dəyişikliklər tələb edirlər”.
Bunu “Report”un Zəngilan və Cəbrayıla ezam olunmuş müxbirinə “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer bildirib.
O deyib ki, İran İslam Respublikasının mövcud olduğu illər ərzində bu ölkədə belə bir hadisə baş verməyib və İrandakı rejimə qarşı indiki etiraz dalğası müstəsna haldır: "Heç vaxt İranda belə bir hadisənin baş verdiyini görməmişəm. İndi İranda baş verənlər müstəsna hadisədir, çünki əhali təkcə siyasətin və ya namizədin dəyişdirilməsini tələb etmir və ya seçkilərə görə etiraz etmir, həm də yeni idarəetmə sisteminin yaradılmasını tələb edirlər”.
Professor İranın ayrı-ayrı ostanlarında baş verənlərin çox vacib olduğunu vurğulayıb.
Araz çayının sahilində, Xudafərin körpüsünün yaxınlığında olan B.Şaffer İran hadisələrini şərh edərkən xatırladıb ki, Şərqi Azərbaycan, Ərdəbil ostanları Araz çayın o biri tərəfində yerləşir: “Biz burada dayanmışıq, o biri tərəfdə isə Şərqi Azərbaycan, Ərdəbil ostanlarıdır. Bu dramatik hadisələr bizdən sözün əsl mənasında bir neçə metr aralıda, təkcə böyük şəhərlərdə deyil, həm də kiçik kəndlərdə, yaşayış məntəqələrində baş verir. Fikrimcə, insanlar bəzi qrupların hansı azadlıqlara malik olduğunu görür, digərləri isə İranda ana dillərində təhsil ala bilmirlər. Bu, ölkə əhalisinin yarıdan çoxuna aiddir. Məsələn, Azərbaycanda başqa milli dillərdə məktəblər var. Amma İranda isə azərbaycanlılar və ya bəluclar kimi müəyyən qruplar üçün ana dilində təhsil almaq qadağandır”.
Professorun sözlərinə görə, onun “İran Persiyadan daha böyükdür” adlı yeni kitabı yaxın vaxtlarda işıq üzü görəcək: “Bu məsələ göz qabağındadır, çünki İran əhalisinin üçdə birindən çoxunu etnik azərbaycanlılar təşkil edir. Hesab edirəm ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi İranda azərbaycanlıların kimlik şüurunun artmasına, özlərini tanımasına ciddi təsir göstərib. Onların əksəriyyəti Azərbaycanın müharibə zamanı əldə etdiyi nailiyyətlərlə qürur hissi keçirərək fəallaşıblar”.