Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) inzibati binasından Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.
"Report"un xüsusi müxbiri xəbər verir ki, iki ay müddətində tarixi Corctaun ərazisində yerləşən binanın üzərində saxlanılması planlaşdırılan bayraqların qarşısında tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
USACC-ın icraçı direktoru Natiq Baxışov 28 May - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb.
R.Sekuta çıxışında Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edib. O, Azərbaycanda fəaliyyət dövrü və yaşadığı günləri xatırlayaraq dövlətin böyük bir yol keçdiyini, xüsusilə son illərdə ölkənin sürətli inkişafının şahidi olduğunu qeyd edib. Müstəqil və yüksələn xətlə inkişaf edən Azərbaycanın Respublika Günündə Vaşinqtonda ölkənin bayrağının ucaldılmasının əhəmiyyətini vurğulayıb.
E.Süleymanov 28 May - Respublika Gününün Vaşinqtonda hər il minə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd olunduğunu, ancaq dünyada cərəyan edən koronavirus pandemiyası səbəbindən bu il belə bir tədbirin təşkilinin mümkün olmadığını bildirib. Bu xüsusda USACC-a əlamətdar Günün Vaşinqtonda qeyd edilməsinə imkan yaratdığına görə minnətdarlığını bildirib. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir şəhər meri tərəfindən ənənəvi olaraq hər il 28 may tarixinin Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdırıb. Səfir ABŞ-ın bir çox ştatlarının qubernatorları və şəhərlərinin merləri tərəfindən Azərbaycan Milli Gününün elan edilməsinə dair bəyannamələrin verildiyini vurğulayıb. E.Süleymanov ABŞ prezidenti Donald Trampın Respublika Günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdiyini xatırladaraq bunun iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa verilən dəyərin bariz sübutu olduğunu deyib. Səfir ABŞ dövlət katibi Maykl Pompeonun da Respublika Günü ilə bağlı mətbuat açıqlama verdiyini diqqətə çatdırıb. O, R.Sekutanın ölkəmizdə səfir olduğu dövrdə öz fəaliyyəti ilə iki ölkə arasındakı münasibətlərin güclənməsinə və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən bəhs edib.
E.Süleymanov bünövrəsi 102 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin üzərində qurulmuş müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regiounun inkişaf etmiş, aparıcı dövlətinə çevrildiyini qeyd edib. Hər bir azərbaycanlının fəxr mənbəyi olan ölkəmizin gələcəyinin xalqımızın əlində olduğunu deyən səfir bu müstəqilliyin qorunub saxlanmasında hər bir Azərbaycan vətəndaşının birliyinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə iki ölkə arasında ticarət və biznes əlaqələrinin, eləcə də investisiyaların təşviqi məqsədilə təsis edilmiş qeyri-hökumət təşkilatıdır. Palata iki ölkə xalqları arasında anlaşma və mədəni mübadilənin həyata keçirilməsi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin reallaşdırılması məqsədilə 2000-ci ildə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini təsis edib. Hazırda Mərkəzin Vaşinqtonda iki sərgi salonu fəaliyyət göstərir. Bu il ABŞ-Azərbaycan Ticarət Palatası 25, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə 20 illik yubileyini qeyd edir.
Müxbir: Vüsalə Abbasova