ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilib.
Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunub.
Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi diqqətə çatdırılıb.
Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilib.