ABŞ-ın Las-Veqas, Honolulu, San Dieqo və Monterey şəhərləri 28 may tarixini “Azərbaycan Milli Günü” elan ediblər.
Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Qeyd olunub ki, bununla bağlı Las-Veqas, Honolulu və Monterey şəhərlərinin merləri, San Dieqo Şəhər Şurası, eləcə də San Dieqo Vilayətinin Məşvərətçilər Şurası tərəfindən müvafiq bəyannamələr imzalanıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamələrdə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.
Sənədlərdə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.
Bəyannamələrdə həmçinin ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Bayramı kimi qeyd edərək öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilib.
Bəyannamələrin sonunda 28 may tarixi Las-Veqas (Nevada ştatının ən böyük şəhəri), Honolulu (Havay ştatının paytaxtı), San Dieqo (Kaliforniya ştatının ikinci ən böyük şəhəri) və Monterey (Kaliforniya ştatı) şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunub.