Azərbaycan öz zəngin mədəni irsi, qədim tarixi abidələri və mədəni ənənələrinin müxtəlifliyi ilə diqqət çəkir. Əsrlər boyu bu ərazidə mövcud olan müxtəlif sivilizasiyalar ölkənin mədəni irsinə öz töhfələrini veriblər.
Bu gün Azərbaycanın turizm sektoru, xüsusilə mədəni turizm marşrutları əhəmiyyətli potensiala malikdir. Lakin bu potensialdan nə dərəcədə səmərəli istifadə olunur və səyahətçilərin ölkənin tarixi-mədəni abidələrinə maraq səviyyəsi necədir?
“Report" Azərbaycanın mədəni turizm potensialını, bu sahənin mövcud vəziyyətini və inkişaf perspektivlərini araşdırıb.
Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi qeyd edib ki, mədəni irsin qorunması ilə yanaşı, onun elmi cəhətdən öyrənilməsi və turizm məqsədləri üçün düzgün idarə edilməsi vacibdir.
“Mədəni irsimizin nümunələrini dünyaya tanıtmaq və turizm vasitəsilə təbliğ etmək vacibdir. Azərbaycanın tarixi-mədəni və mənəvi obyektlərini əhatə edən xüsusi turların yaradılması və xarici bazarlarda təşviqi ölkənin tarixi və mədəniyyətinə marağı artıra bilər. Mədəni və tarixi obyektlərin turizm marşrutlarına daxil edilməsi, həmçinin maarifləndirici ekskursiyaların keçirilməsi turistlərə ölkəmiz haqqında daha dolğun təsəvvür əldə etməyə imkan verəcək, onların qalmasını məzmunlu və yaddaqalan edəcək”,- S. Dübəndi bildirir.
Onun sözlərinə görə, mədəni irsin bərpası və idarə edilməsi əhəmiyyətli vəsait və ixtisaslı kadrlar tələb edir: “Dünya təcrübəsi göstərir ki, belə obyektlər qismən bilet satışı hesabına maliyyələşdirilə bilər. Bilet qiymətləri yaş qruplarından, tələbə, məktəbli və digər ölkə vətəndaşlarının statusundan asılı olaraq dəyişə bilər. Onlar obyektlərin populyarlığı və unikallığı, həmçinin göstərilən xidmətlər nəzərə alınmaqla tənzimlənməlidir. Mədəni obyektlərdə çalışan personalın peşəkarlığına xüsusi diqqət yetirilməlidir. Bələdçilər mütəmadi olaraq təlim keçməli və müsabiqə yolu ilə işə qəbul edilməlidirlər. Onların maaşları da yüksək olmalıdır".
Ekspert vurğulayıb ki, çövkən oyunu, muğam, aşıq sənəti, təzhib sənəti, pəhləvanlıq, yallı, tar sənəti, kəlağayı və misgərlik kimi qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun siyahısına daxil edilib və bütün dünyada maraq doğurur.
“Məsələn, yallı rəqsi, muğam və tar ifası ilə müşayiət olunan zorxanada pəhləvanların çıxışları turistlərdə parlaq təəssüratlar yarada bilər. Həmçinin milli mətbəx, sədəf və təzhib sənəti üzrə ustad dərsləri turistlərə unikal təcrübə təqdim edə bilər”, - S.Dübəndi qeyd edir.
Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzindən bildirilib ki, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ötən il 280 minə yaxın insan ziyarət edib: “Bu ilin 8 ayı ərzində ziyarətçilərin sayı 260 mini keçib ki, bunun da 75-78 %-ni xaricilər təşkil edir.
Əsas mədəni turizm marşrutlarına dünya irsi obyektləri, o cümlədən "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Şəkinin tarixi hissəsi və Kiş kəndində Qafqaz Albaniyasının irs obyektləri daxildir ki, bunlar ən çox ziyarət edilən yerlərdəndir. Ötən il "Yuxarı Baş" qoruğunun muzeylərini 140 min nəfər ziyarət edib".
Mərkəz həmçinin İsmayıllı rayonunun Basqal və Lahıc qəsəbələrini populyar mədəni marşrutlar arasında qeyd edib: "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu zəngin mədəni irsin populyarlaşdırılması istiqamətində işlərini davam etdirir. Lahıcda da turizm infrastrukturu və turistlərin cəlb edilməsi istiqamətində tədbirlər inkişaf etdirilir. Qafqazda unikal memarlıq abidəsi olan Diri Baba türbəsi ətrafında dini turizmin inkişafı istiqamətində işlər aparılır. 2022-ci ildə burada yenidənqurma işləri aparılıb və turizm infrastrukturunun yaradılması istiqamətində addımlar atılıb”.
Bundan əlavə, Qoruqları İdarəetmə Mərkəzi qeyd edib ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yeni mədəni turizm istiqaməti kimi inkişaf etdirilir: "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda çoxsaylı tarixi obyektlər və ekoturizm potensialı mövcuddur”.
Mərkəzdə hesab edirlər ki, Azərbaycanda mədəni turizmin inkişafı üçün bütün maraqlı tərəflərin birgə və əlaqələndirilmiş əməkdaşlığı zəruridir.