Yeni il tətilində harada istirahət etməli - ölkə daxilində, yoxsa xaricdə?

Yeni il tətilində harada istirahət etməli - ölkə daxilində, yoxsa xaricdə? Hər il olduğu kimi bu il də yeni il tətilini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif məkanlara üz tutmaq istəyirlər. Xüsusən də koronavirus pandemiyası səbəbindən quru sərhədlərinin bağlı olması, aviareyslərin isə əvvəlki illərə nisbətən bah
Turizm
21 Noyabr , 2022 18:20
Yeni il tətilində harada istirahət etməli - ölkə daxilində, yoxsa xaricdə?

Hər il olduğu kimi bu il də yeni il tətilini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif məkanlara üz tutmaq istəyirlər. Xüsusən də koronavirus pandemiyası səbəbindən quru sərhədlərinin bağlı olması, aviareyslərin isə əvvəlki illərə nisbətən baha olması və bu kimi bir sıra çətinliklər insanların daha çox daxili turizmin imkanlarından istifadə etməsinə şərait yaradıb. Yeni il tətilinə artıq qısa müddət qaldığını nəzərə alan əksər turistlər məhz indidən istirahət üçün məkanları bron edirlər.

Yeni il tətili zamanı ölkə xaricində və daxilində hotellərin, turpaketlərin qiymətləri necə olacaq?

Bayram günlərində istirahət üçün məkan və ölkə seçimləri ilə bağlı açıqlama verən turizm eksperti Ceyhun Aşurov "Report"a bildirib ki, hər il olduğu kimi bayram və qeyri-iş günləri ərəfəsində bəzi insanların bir qismi “qaynar turlar” təşkil edən xarici ölkələrə üz tuturlar:

“Bu tip təkliflər Dubay, Türkiyə, Gürcüstan və ya Avropa turları üçün turizm şirkətləri tərəfindən təşkil olunur”.

Turizm ekspertinin sözlərinə görə, bu il daxili turizm məkanlarında hazırlanan xüsusi yeni il proqramları sayəsində vətəndaşlarımızın daha çox ölkə daxilində istirahət edəcəkləri ehtimal olunur.

“Son dövrdə Azərbaycan daxilində böyük hotellərin yeni illə bağlı hazırladığı şənliklər, əhalinin kifayət qədər böyük marağına səbəb olub. Qiymətlər müxtəlifdir. Təbii ki, Azərbaycanda istirahət üçün daha çox Qəbələ, Şəki və cənub bölgələrində olan iritutumlu hotellərə daha çox tələbat olur. Çünki, yeni il şənlikləri və əyləncə proqramlarının keçirilməsi üçün iritutumlu məkanlara ehtiyac var. Ölkə daxili regionlarda olan böyük hotellərdə yeni il tətili ərəfəsində doluluq gözlənilir”, - deyə ekspert qeyd edib.

C. Aşurov bəzi insanların ənənəvi olaraq yeni il tətilini ölkə xaricində keçirməyi xoşladıqlarını vurğulayıb:

“Müəyyən kampaniyalar olsa da, xaricdə istirahət və səfərlər əvvəlki illərə nisbətən aşağı qiymətə olmur. İnflyasiya və müəyyən qiymət faktorlarını nəzərə alsaq, görürük ki, bu paketlərin qiymətlərində 30-40 % artım olub. Seçim artıq vətəndaşların özündən aslıdır.

Digər tərəfdən isə istər yaxın qonşu ölkələr, istərsə də isti ölkələrdə yeni ili keçirmək istəyənlər yenə də əvvəlki kimi aktivliyini qoruyub saxlayacaq”.

Ekspert son zamanlarda gənclərin tətil üçün Varşava və Çexiya kimi ölkələri tərcih etmələri barədə də danışıb.

“Gənclər son zamanlarda daha ucuz və sərfəli olduğu üçün məsələn, Varşava və Çexiya kimi ölkələrə gedərək daha sonra avtobus və qatar vasitəsi ilə Avropanın digər ölkələrini gəzməyi seçirlər. Bu tip səyahətlər lüksu olmayan, daha ekonom şəkildə bir neçə marşrutlar dəyişərək bir neçə şəhər və ölkəni görmək şansı yaradır. Son zamanlar bu tip səyahətlərə ucuz və sərfəli olduğu üçün tələbat artıb. Daha çox Avropa şəhərlərini gəzmək və tanımaq məqsədi ilə istifadə olunur”, - deyə turizm eksperti bildirib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu il ölkə daxilində yeni il şənliklərinin daha möhtəşəm keçiriləcəyini vurğulayıb:

“Hər il olduğu kimi yeni il bayramları təxminən bir həftə sürən istirahət günlərilə müşahidə olunur. Bu səbəbdən və yeni ilin gəlişini qeyd etmək məqsədilə insanlar müxtəlif turizm və istirahət fəaliyyətlərinə qatılırlar. Daha çox Azərbaycan vətəndaşları regionlara üz tuturlar. Onu da qeyd etmək lazımdır ki, xaricə turların müxtəlif təklifləri olmağına baxmayaraq uçuş qiymətləri pandemiyadan sonra hələ də yüksək olmaqda qalırlar.

Regional hotellərin bronlaşdırma faizi haqqında hələki fikir bildirmək tezdir. Düşünürəm ki, 1-1,5 həftə sonra rəqəmlər nisbətən bəlli olacaq".

S.Dübəndi vurğulayıb ki, bu il qış turizm təkliflərinin sayı artıb:

“Xüsusilə ekoturizm fəaliyyətləri daha geniş təqdim edilirlər. O cümlədən müxtəlif mətbəx master-klassları, aqroturizm və bu kimi digər təkliflər daha geniş miqyas almaqdadırlar.

Məncə yeni il bayramları bu il daha möhtəşəm keçiriləcək - Rusiyadan və digər MDB ölkələrindən ölkəmizə üz tutan əcnəbilərin sayı artmaqdadır. İlin sonuna 1,4 milyon əcnəbinin ölkəni ziyarət etmələri proqnozlaşdırılır”.

Turizm eskperti Ramin Namazov vətəndaşlar arasında yeni ili öncədən xaricdə planlayanların sayının getdikcə azaldığını bildirib:

“Daha cox ölkəmizin bölgələrində qeyd etməyə üstünlük verirlər. Çünki məsafə az, yol xərci çox sərfəli, yeni tikilen hotellər isə xarici ölkələrdəki beş ulduz hotellərdən geri qalmır. Bu baxımnan, yeni il ərəfəsində bölgələrimizdəki hotellərdə artıq rezervasyalar demek olar ki, böyük faizlə doluluq müşahide olunur. Qiymətlərdə elədə yüksəliş müşahidə olunmur. Təklif və tələblər üst-üstə düşür. İmkana görə, 5 ulduz hotellərdən başlayaraq kənd evlərinə qədər fərqli seçim versiyaları var. Daha cox şimal bölgəsi, şimal-qərb və cənub bölgələri reytinqdə ilk yerləri qoruyur.

Ölkə daxilində istirahət üçün daha çox Quba, Qusar, Qəbələ, Şəki, Oğuz, Lənkəran, Masallı tərcih edilir. Xarici ölkələrdən isə BƏƏ, Gürcüstan ve Avropa ölkələri seçimlər arasındadır”.

Son xəbərlər

Orphus sistemi