Pandemiyadan öncəki illərdə yeni ili xaricdə keçirmək üçün noyabr ayından Azərbaycanda turistlərin turizm şirkətləri və aviaşirkətlərə müraciət etmələri müşahidə edilirdi.
"Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov “Report”a açıqlamasında bu il də belə müraciətlərin artıq başladığını bildirib:
“Hazırda ölkələrarası sərhədlərin məhdud sayda açıldığını müşahidə edirik. Bir sıra ölkələrlə Azərbaycanın sərhədləri bağlıdır, eləcə də bəzi ölkələrdən Azərbaycana gəlişdə məhdudiyyətlər var. Amma ümumilikdə bu il də yeni il bayramında vətəndaşlarımız xarici ölkələrdən yaxın ölkələrə getməyi üstün tuturlar. Yenə də Gürcüstana, Türkiyəyə və Moskva şəhərinə getmək istəyənlər var. Yeni istiqamət olaraq turistlər Misirə də maraq göstərirlər. Yeni ili Dubayda da keçirmək istəyənlər var. Yəni əvvəlki illərdə gedilən ölkələrə getmək bu il də dəbdədir”.
Ə.Qurbanovun sözlərinə görə bayram günlərini Avropa ölkələrində keçirmək istəyənlərin sayı xeyli azalıb:
“Yeni il bayramını keçirtmək üçün Avropa ölkələrinə getmək istəyənlər demək olar ki, yoxdur. Çünki o ölkələrdə sərhədlər hələ tam şəkildə açılmayıb. Bəzi Avropa ölkələri fərqli vaksinlər tələb edirlər. Məsələn, bəzi ölkələr var ki, “Sinovak”ı qəbul etmir. Bu barədə konkret bir qərar da açıqlanmır və insanlar öncədən hansı ölkənin hansı vaksini qəbul etdiyini dəqiq bilmirlər. Ona görə də Avropa ölkələrinə vətəndaşlarımızın marağı azalır”.
Müsahibimiz bəzi ölkələrə viza ilə bağlı çətinliklərin olmasını da qeyd edib:
“Az öncə qeyd etdiyim qonşu ölkələrə gedərkən viza məsələlərində çətinlik olmur. Misir viza məsələsində vətəndaşlarımıza böyük üstünlüklər yaradır. Dubaya da gedərkən viza çətinliyimiz olmur. Avropa ölkələri isə sərhədləri tam açmadığına görə bəzi problemlər yaşanır. Odur ki, turizm şirkətləri də müşərilərinə bu ölkələrə getməyi məsləhət görmür”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi isə yeni il bayramı ilə bağlı artıq xaricdən ölkəmizə gəlmək istəyənlərin də müraciətlər etdiyini deyib:
“Turizm sənayesi yeni il kimi bayramları səbrsizliklə gözləyir. Çünki bu günlərdə həm daxili, həm də xarici bazarlarda səfər sayı artır. Artıq hotellərdə yeni il bayramı ilə əlaqədar rezervasiyalar var. Ərəb ölkələri, MDB ölkələri və Türkiyədən rezervasiyalar olur. Turizm şirkətləri də bir qədər yeni qiymətlər tətbiq etməyə başlayırlar. Çünki bayram günlərində qiymətlər bir qədər fərqli olur. Müştərilərə müxtəlif paketlər, şou-proqramlar təklif olunur. Düşünürəm ki, gələn həftədən bu təklifləri daha çox görəcəyik”.