Macarıstanın “Wizz Air” şirkəti Bakıdan Yaxın Şərq, Pakistan, Hindistan, Polşa və almandilli ölkələrə uçuşlar təşkil edə bilər.
"Report" xəbər verir ki, bu barədə məsələlər Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman arasında keçirilən görüş zamanı müzakirə edilib.
Səfir Azərbaycanla Macarıstan arasında birbaşa hava uçuşlarının sayının artırılması mövzusunda yanvarın 12-də Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidlə “Wizz Air” aviaşirkətinin icraçı vitse-prezidenti Ovein Cons arasında keçirilən görüş haqqında danışıb.
Qeyd edilən görüşdə F.Zenqstşmid tərəfindən “Wizz Air” avivşirkətinin Əbu-Dabi–Bakı marşrutunun effektiv fəaliyyəti və BƏƏ-dən turizm axınına töhfəsi, ənənəvi bazarlarla yanaşı, son illərdə Yaxın Şərq, Pakistan, Hindistan bazarlarının Azərbaycan üçün əhəmiyyəti, həmçinin Avropada Polşa və almandilli ölkələr üzrə aparılan marketinq fəaliyyəti, Yaponiya və Koreya ilə bu istiqamətdə əlaqələrin intensivləşdirildiyini qeyd edib. O, “Wizz Air”in Bakıya hədəf ölkələrdən uçuşlar həyata keçirməsinin turist sayının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində “Wizz Air” aviaşirkətinin icraçı vitse-prezidenti təmsil etdiyi ultra-loukoster şirkətin daha çox insanın səyahət etməsini hədəflədiyini, Əbu-Dabi – Bakı reysinin əksər hallarda 100 %, Budapeşet-Bakı reysininin isə 70 % doluluq göstərdiyi bildirilib. O. Cons gələcəkdə Azərbaycanın regionlarında yerləşən hava limanlarına da uçuşların həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə DTA sədri ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin turizm əlaqələrinin də inkişafına təkan verəcək amil kimi qiymətləndirildiyini, hazırda mövcud olan birbaşa uçuşların qarşılıqlı səfərlərin sayının artmasında önəm kəsb etdiyini diqqətə çatdırıb.
Tamaş Yojef Torman öz növbəsində birbaşa uçuşların turist mübadiləsində xüsusi rol oynadığını, bu məqsədlə uçuşların sayının və Macarıstanda Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib. Səfir, həmçinin Macarıstan vətəndaşları üçün vizasız rejimin tətbiqinin ziyarətçilərin sayının artmasında əhəmiyyətli rol oynaya biləcəyini qeyd edib.
Görüşdə turizm şirkətləri, media nümayəndələri və influenserlərin qarşılıqlı səfərlərinin təşkili, bu istiqamət üzrə hər iki ölkənin mədəniyyətinin tanıtımına həsr olunan “Macarıstan və Azərbaycan günləri”nin keçirilməsi və qarşılıqlı təbliğat üçün birgə fəaliyyət planının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində F. Nağıyev Azərbaycanda son illərdə turizmə dövlət səviyyəsində göstərilən diqqəti vurğulayaraq işğaldan azad olunan torpaqların turizm potensialının səmərəli istifadəsi üçün çoxistiqamətli layihələr və konsepsiya sənədlərinin hazırlandığını qeyd edib.