Bakı. 19 yanvar. REPORT.AZ/ "Asan viza əldə edilməsi, mədəniyyət və təbiət nümunələri, idman, vergisiz alış-veriş (tax free shopping) - bunlar Azərbaycana səfər etmək üçün əsas səbəblərdir."
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Washington Times" nəşri yazıb.
"Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycanı "Odlar Yurdu" adlandırırlar. Bu sirlər və gözəlliklər məkanı səyahət edənləri - gözəllik və ekzotika bilicilərini özünə cəlb edir", - məqalədə deyilir.
Nəşr Azərbaycana səyahət etmək üçün 5 əsas səbəbi açıqlayıb.
Birinci səbəb kimi "ASAN Visa"nın işi nəticəsində ölkəyə giriş üçün viza almağın çox asan olması göstərilib. Qeyd edilib ki, bu proses 3 gündən 3 saata qədər qısaldılıb.
İkinci səbəb mədəniyyətlər və sivilizasiyaların sıx qarışıqlığıdır. Müəllifin fikrincə, "Xəzər dənizinin mirvarisi" olan Bakıda orta əsr memarlığı müasir strukturlarla, məsələn, beynəlxalq səviyyədə tanınmış Heydər Əliyev Mərkəzi ilə qonşudur.
Müəllif həmçinin Azərbaycanın unikal görməli yerlərə və təbiət növlərinə malik olduğunu göstərir. Qeyd olunur ki, bununla yanaşı, ölkədə qış və yay tətili, o cümlədən serferlər və xizək həvəskarları üçün şərait yaradılıb.
Nəşr Azərbaycanda idmanın populyar olduğunu və dünyanın istənilən yerindən olan idmançıların respublikanı öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün ideal yer hesab edəcəklərini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda bir sıra beynəlxalq idman tədbirləri, o cümlədən "Formula-1" Qran-prisi keçirib.
"Washington Post" həmçinin Azərbaycana səfər etmək üçün digər səbəbləri göstərib və yerli mətbəx, muğam və Azərbaycan xalqının çoxəsrlik qonaqpərvərliyini göstərib.
"Hər kəs Azərbaycana təkrar-təkrar qayıtmaq üçün xeyli səbəb tapa bilər", - müəllif yazıb.