Bakı. 20 sentyabr. REPORT.AZ/ Ukraynada “Tavriya Üfüqləri 2016: əməkdaşlıq, investisiyalar, iqtisadi inkişaf” IX beynəlxalq investisiya forumu keçiriləcək.
Bu barədə "Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Xerson vilayətinin Novaya Kaxovka şəhərində təşkil olunacaq forum sentyabrın 30-dan oktyabrın 1-dək davam edəcək.
Forum çərçivəsində turizm, nəqliyyat, aqro-biznes, sənaye, inşaat, enerji effektivliyi sahələrində boş investisiya meydançaları daxil olmaqla, Ukraynanın böyük sənaye regionu olan Xerson vilayətinin əlverişli investisiya imkanları təqdim olunacaq. Tədbirdə yerli investorlarla yanaşı, Çin, İtaliya, Fransa, İran və bir sıra digər ölkələrdən işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvətlidirlər. Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.