Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ səbəbindən bu ölkəyə istirahət üçün gedən Azərbaycan vətəndaşlarıın planlarında dəyişiklik edilə bilər. Belə ki, yay ayları üçün öncədən Türkiyəyə səfərlə bağlı rezervasiya edən azərbaycanlı səyahətçilər hazırda ödənişlərini tamamlamaq üçün bir müddətin keçməsini gözləyirlər.
Bunu “Report”a turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev bildirib.
Onun sözlərinə görə, Türkiyəyə səfər etmək istəyənlər tərəddüd içərisində olduqları üçün turpaketin tam ödənişini öncədən etmək istəmirlər: "Məlumdur ki, öncədən edilən rezervasiyalar zamanı ödənişin bir qismi də ödənilə bilər, qalan hissəsi isə səfər başlananadək bağlanılır, tam şəkildə, birdəfəyədək də ödənilə bilər. Bu, turizm şirkəti ilə müştəri arasında razılaşmadan asılıdır”.
Ə. Şiriyevin məlumatına görə, baş verən zəlzələ istər Azərbaycandan, istərsə də dünyanın digər ölkələrindən Türkiyəyə olan səfərlərin azalmasına səbəb olub: "Azərbaycanda turpaketlərdən imtina kimi bir məsələ hazırda aktual deyil. Türkiyəyə səfərlə bağlı rezervasiya edən müştərilərin gözləmə mövqeyinin tutması seysmoloqların daha bir zəlzələnin olacağı ilə bağlı verdikləri proqnozlarla bağlıdır".
Ə.Şiriyev qeyd edib ki, yaranmış vəziyyətlə bağlı daxili turlara maraq artıb.
Onun sözlərinə görə, Novruz bayramında adətən səyahətçilərimiz daha çox Dubaya, Avropa ölkələrinə və Misirə səfər etməyə üstünlük verirlər.
Şirkət rəhbəri məlum hadisədən sonra Türkiyə istiqamətində olan turların qiymətlərinin aşağı düşdüyünü də qeyd edib:
“Türkiyəyə 3-4 gecəlik turların qiyməti 565 ABŞ dollarından 500 ABŞ dollarına düşüb”.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov “Report”a açıqlamasında bildirib ki, indiyədək Azərbaycan vətəndaşları dil, din və yolun daha yaxın olması səbəbindən turistik səfərləri daha çox Türkiyəyə həyata keçirib:
“Fevral ayında baş verən zəlzələnin ardından Türkiyəyə olan səfərlərin kütləvi azalması ilə bağlı müxtəlif fərziyələr ortaya çıxıb. Lakin bizim vətəndaşlarımızın müəyyən qismi rezervasiyalarını geri çəksələr də, hələ də bu ölkəyə səfər etmək istəyənlər var”.
Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycan vətəndaşları alternativ istiqamət kimi Misir, Monteneqro və Avropanın bir çox ölkələrinə turizm məqsədi üçün səfər etməkdə maraqlıdırlar.
O qeyd edib ki, pandemiya vaxtı sərhədlərin bağlanması səbəbindən vətəndaşlar daha çox ölkə daxilində səfərlər edirdilər və hazırda da bu eyni tempdə davam edir:
“Vətəndaşlar paytaxta daha yaxın olan bölgələrə səfər etməyə üstünlük verirlər. Buraya Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı kimi bölgələrimizi missal çəkmək olar. Novruz bayramı ilə əlaqədar 10 gün tətil olması səbəbindən vətəndaşlarımız artıq digər bölgələrimizə səfər etmək üçün rezervasiyalar edirlər. Bayram günlərində Qax-Balakən və cənub bölgəsinə daha çox səfərlərin ediləcəyi gözlənilir”.
Ə.Qurbanov turistik səfərlər üçün edilən erkən rezervasiyalarda qiymətlərin standart olaraq qaldığını bildirib:
“Pandemiyadan sonrakı vəziyyətlə əlaqədar olaraq qiymətlərdə bahalaşma var idi. Hazırda qiymətlər ilin əvvəlində olduğu səviyyədədir. Qiymət artımı nisbi şəkildə davam edir. Qlobal praktikaya nəzər salsaq, bu bütün dünyada belədir. Bayram ərəfələrdə və özəl günlərdə tələb çox olduğu üçün təklif də buna uyğun olaraq artır və qiymətdə də artımlar müşahidə olunur. Qiymətlərin tənzimlənməsi üçün rəqabət mühitinin formalaşdırılması vacibdir, yəni hotellərin sayı artmalıdı. Bu zaman müştərilər də öz imkanlarına uyğun hotel seçərək orada istirahət edə bilərlər”.
Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a bildirib ki, birmənalı olaraq Türkiyədə zəlzələ nəticəsində baş vermiş fəlakət insanların, o cümlədən turistlərin seçimlərinə təsir göstərib.
“Bildiyimiz kimi turizm hər hansı iqtisadi, siyasi, sosial, o cümlədən təbii təsirlərə həssas reaksiya verən fəaliyyət sahəsidir. Bu və yaxud digər turizm marşrutlarının, destinasiyaların potensial turist tərəfindən seçiminin əsasında kompleks psixoloji dərketmə prosesləri və insan ehtiyacları durur. Zəlzələ insanlarda təşviş və həyəcan yaradan hadisədir, gözümüzün qarşısında böyük bir fəlakət baş verib”.
S.Dübəndi qeyd edib ki, Türkiyəyə öncə alınmış turların və aviabiletlərin geri qaytarılması müşahidə olur, yalnız bu kütləvi xarakter daşımır.
"Türkiyə Cümhuriyyəti və Türkiyə xalqı Azərbaycana qardaş xalqdır, bizim ölkələr arasında turizm mübadiləsi, işgüzar məqsədli səyahətlər, heç nəyə baxmayaraq, artacaq və inkişaf edəcək. Novruz bayramı ilə əlaqədar tətil daxili və xarici turizm bazarlarında canlanmaya gətirir və insanlar bu müddətlərə istirahətlərini planlayırlar. Hazırda daxili bazarda daha yüksək canlanma var, çünki regionlarda yeni iri mehmanxana kompleksləri istismara verilib və yenilərinin də açılışı gözlənilir. Yəni daxili bazarda təkliflər artmaqdadırlar. Bununla yanaşı imkanı və arzusu olan vətəndaşlar bir neçə populyar xarici istiqamətlərə də qatılmaqdadırlar. Bunlar, Türkiyə, Rusiya, BƏƏ, Misir, Qərbi və Şərqi Avropa ölkələridir”.