Türkiyə kurortlarındakı hotellərdə tətbiq edilən “hər şey daxil” sistemində dəyişiklik ediləcək. Bundan sonra, “İsveç stolu”ndakı yeməkləri boşqablara müştərilər yox, hotelin işçiləri qoyacaq.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Hotelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır deyib.
Onun sözlərinə görə, bu, yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçündür:
“Boşqablar və bıçaqlar, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan xüsusi qaydalara görə dezinfeksiya edilir. Hotel işçiləri də pandemiya dövründə işləmək üzrə təlim keçiblər. “Hər şey daxil” sistemində digər qaydalar dəyişməyib”.
Bundan əvvəl, Türkiyənin Sidə və Alanya kurortlarındakı ticarətçilər və sənətkarlar hökumətə müraciət edərək otellərdə “hər şey daxil” sistemi üzrə standartlara yenidən baxılmasını xahiş etmişdilər.