Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyə hökuməti aprel-may aylarında Rusiyadan Türkiyəyə həyata keçiriləcək hər çarter aviareysinə görə turizm agentliklərinə 6 000 dollar həcmində kömək göstərəcək. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda Türkiyənin Rusiyadakı səfirliyindən bildirilib.
"Aprelin 1-dən mayın 31-nə qədər Türkiyə hökuməti Rusiyadan Türkiyəyə həyata keçiriləcək hər çarter reysinə görə turizm agentliklərinə 6 000 dollar həcmində köməklik göstərəcək. Əgər çarter reysi eyni zamanda bir neçə turizm agentliyinin turistlərini gətirirsə, bu məbləğ agentliklər arasında sərnişinlərin sayına görə proporsional şəkildə bölüşdürüləcək", - deyə səfirlikdən qeyd ediblər.
Bu dəstəyin göstərilməsi üçün turizm agentliyi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin investisiyalar üzrə Baş Müdirliyinə ərizə ilə müraciət etməlidir.
Qeyd edək ki, 2014-cü ildə Türkiyəyə 4,38 mln. Rusiya vətəndaşı səfər edib. Lakin Antalyada istirahət edən rusiyalı turistlərin sayı 2015-ci ilin ilk iki ayında ötən ilin analoji dövrü ilə müqayisədə 41% azalıb. Fevralın əvvəlində Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə hökuməti Rusiya və bir çox digər ölkələrdə iqtisadi problemlərə görə turizm biznesinə dövlət kreditləşməsi və aviadaşıyıcılara dotasiya vasitəsilə yardım göstərmək niyyətindədir.