Turizm mozaikinin bir parçası – Xınalıqdan REPORTAJ

Turizm mozaikinin bir parçası – Xınalıqdan REPORTAJ Azərbaycanın heyrətamiz gözəlliklərində xüsusi payı olan, ölkəmizin turizm mozaikinin önəmli bir parçası sayılan Quba rayonunun Xınalıq kəndi bura səfər edənlərə hər zaman əsl kənd həyatı, möhtəşəm təbiəti və qonaqpərvər insanları ilə qucaq açır. 2350 met
Turizm
29 Sentyabr , 2023 11:23
Turizm mozaikinin bir parçası – Xınalıqdan REPORTAJ

Azərbaycanın heyrətamiz gözəlliklərində xüsusi payı olan, ölkəmizin turizm mozaikinin önəmli bir parçası sayılan Quba rayonunun Xınalıq kəndi bura səfər edənlərə hər zaman əsl kənd həyatı, möhtəşəm təbiəti və qonaqpərvər insanları ilə qucaq açır. 2350 metr hündürlükdə yerləşən Xınalıq kəndinin mövqeyi ətrafdakı gözəllikləri daha xüsusi formada təqdim edir. Xınalıq möhtəşəm mənzərəsi, hər küncündə insanları salamlayan təmiz havası ilə təbiətlə təmasda olmağı sevənlər və kənd həyatı yaşamaq istəyənlərin məkanıdır.

Dövlət Turizm Agentliyinin “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna təşkil etdiyi mediaturda iştirak edən “Report”un əməkdaşı xəbər verir ki, səfər zamanı kəndin turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri, qoruq ərazisində mədəni-tarixi irsimizin qorunması, Xınalıq sakinlərinin yaşam tərzi barədə məlumat verilib, bütün bunları əyani görmək üçün şərait yaradılıb.

Qeyd edilib ki, sentyabrın 4-də Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan verəcək.

Xınalıq mədəniyyəti

Xınalıq kəndinə gələn qonaqları ilk qarşılayan uşaqlar olur. Elə bu qarşılanmanı Xınalığın mədəniyyəti ilə tanışlığın başlanğıcı saya bilərik. Başlarında əllə toxunan papaqlar, ayaqlarında görünən toxunma corablar buranın qədim toxuculuq ənənələrindən xəbər verir. Çörək bişirənlər, buğda üyüdənlər, yun əyirənlər kəndin ənənəvi həyat tərzini qoruyub saxlamaqla həm də kəndin kimliyini qoruyur. Buraya gələn turistlər əl işlərini satın almaqla kəndin iqtisadiyyatına töhfə verə bilərlər.

Kənddəki köhnə evlər, dar küçələr, tarixi məscidlər keçmişin izlərini daşıyır. Burada dünya əhəmiyyətli tapıntılar qoruğun fondunda saxlanılır. Müxtəlif qəbirlərdən və yaşayış yerlərindən əldə edilən əşyaların bir qismi 2017-ci ildən elə kəndin girəcəyindəki Arxeoloji Muzeydə nümayiş olunur. Eramızdan əvvəl III minilliyə aid tunc bilərziklər, sırğalar, balıqqulağı, domino tipli muncuqlar, sümükdən hazırlanmış deşici alətlər, bizlər kəndin qədimliyini əks etdirən nümunələrdir. Muzeyin divarları da kənd camaatının toxuyub hədiyyə etdiyi xalçalarla bəzədilib. Qədim qəbiristanlıq, kurqanlardan tapılan əşyalardan savayı burada orta əsrlərə aid xınalıqlıların məişət və təsərrüfatda istifadə etdikləri alətlər də var. Muzeydə qovluqlara yığılan köhnəlmiş vərəqlər də buranın ziyarətçilərinin diqqətini çəkir. Bu əlyazmalar müxtəlif yerlərdən, xüsusilə məscidlərdən tapılmış məktublar, qeydlərdir.

Kəndi gəzdikcə burdakı evlər də nəzərimizdən qaçmır. Xınalığın inşaat təcrübəsində yerli tikinti materialları – qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilir. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov məlumat verdi ki, bu il Xınalıqda 20 evin təmir-bərpası həyata keçirilir: "Hava şəraiti imkan versə, bu evlərin hamısının təmir-bərpası sona çatdırılacaq. Əks təqdirdə 17 ev təhvil veriləcək. Ümumilikdə Xınalıqda 4 il müddətində - 2021-2024-cü illərdə 60 evin təmir-bərpası layihələndirilib. 2021-ci ildə 16, 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ilə isə qalan evləri təmir-bərpa etməyi planlaşdırırıq".

Təbiiliyin simvolu

Təbiətin səxavətlə qucaqladığı bu kənd təbii gözəllik, qədim həyat cazibəsi və sakinlərinin fədakarlığının mükəmməl birləşməsidir. Təbiiliyin simvolu olan Xınalıqda yaşayanlar yanacaq əldə etmək üçün təzəkdən istifadə edir və bununla da təbiətin tarazlığını qoruyur. İnsanlar təbii ehtiyatlardan səmərəli istifadə etməklə ətraf mühitin qorunmasına böyük əhəmiyyət verirlər.

Bununla belə, dövlətimizin diqqətində olan bu dilbər guşəyə dəstək məqsədilə daim layihələr həyata keçirilir, bir sıra tədbirlər görülür. Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.

UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilən Xınalıq

Sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul edilib. UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək.

Xınalıq və Köç yolu ərazisi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunur. Bu ərazinin UNESCO-nun Ümumdünya irs siyahısına salınması Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacaq, həmçinin dünyanın mədəni turizm sahəsində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət göstərəcək. Qoruq ərazisində mövcud olan zəngin resurslar sayəsində regional bazar üçün unikal, mədəni və təbiət turizm məhsullarının yaradılması mümkün olacaq. Bu da öz növbəsində köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluğun inkişaf etməsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi