Səyahət sığortası etdirərkən diqqət yetirmək lazım olan məqamlar

Səyahət sığortası etdirərkən diqqət yetirmək lazım olan məqamlar Gələcəkdə bizdə də ölkəmizə gələn turistlərdən səyahət sığortası tələb olunacağı gözlənilir
Turizm
7 May , 2022 14:12
Səyahət sığortası etdirərkən diqqət yetirmək lazım olan məqamlar

Bütün dünyada havaların isinməsi səyahət mövsümünün daha aktiv mərhələyə keçməsi ilə səciyyələnir. Üstəlik, pandemiya dövrünün tədricən geridə qalması da turizm sahəsi üçün çoxdan gözlənilən hadisədir. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq xarici ölkələrə gedərkən səyahət sığortasında hələ də COVID təminatı tələb olunur.

Turist şirkətlərindən “Report”a bildiriblər ki, COVID pasportu tələb elən ölkələr bu təminatı tələb edə bilərlər: "Ümumiyyətlə xarici ölkəyə, əsasən Avropaya səyahət edərkən yalnız viza üçün COVID təminatlı sığorta tələb olunur. COVID təminatlı sığortanın da qiyməti fərqlənir - 10-20 avro fərq ilə olur. Həmçinin, məsələn İtaliyaya gedərkən 2 doza "Sinovac" peyvəndi vurulubsa, mütləq şəkildə 3-cü doza "Pfizer" olmalıdır".

Lakin Azərbaycana gələn turistlərə qarşı belə bir tələblər qoyulmur.

Turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev bildirib ki, səyahət sığortası olduqca sərfəli və yararlanması vacib məsələlərdəndir:

“Səyahət sığortası münasib qiymətədir, amma qarşılığında 50 min manata qədər dəymiş ziyanın ödənilməsi nəzərdə tutulur. Ona görə də istənilən halda turistlərə bu sığortanı tövsiyə edirik. Çünki bədbəxt hadisədən heç bir turist sığortalanmayıb.

Elə sığorta şirkətləri var ki, turizm şirkətləri daha çox onlarla əməkdaşıq edir. Bu, operativ cavab verilməsi, qiymətlərin münasibliyi, turizm şirkətlərinə müəyyən komisiyyaların verilməsi kimi nüanslar ilə bağlıdır”.

Şirkət rəhbəri turistlərin sığorta müqaviləsinə həssas yanaşmalı olduqlarını qeyd edib:

“Sığorta müqaviləsində bəndlər var ki, turist həmin bəndlərlə mütləq tanış olmalıdır. Getdiyi ölkədə hər hansı bir bədbəxt hadisə ilə rastlaşsa, avtomatik olaraq müqavilədə qeyd olunan nömrə ilə əlaqə saxlamalı, onlara məlumat verməlidir. Sığorta şirkəti də turistin olduğu ölkədə hansı xəstəxanaya yaxınlaşmasını deməlidir. By halda müştərinin xərcləri sığorta şirkəti tərəfindən qarşılanır.

Başqa hallar da olur. Elə bir yer ola bilər ki, həmin ölkədə həmin sığorta şirkətinin nümayəndəliyi, əməkdaşlıq elədiyi xəstəxana olmaya bilər. O zaman müştəriyə deyilir ki, hər hansı bir xəstəxanaya get, orada ödədiyin xərclərin çeklərini al. Həmin çeklər Bakıya gələrkən sığorta şirkətinə təqdim olunur. Bu halda sığorta şirkəti turistin çəkdiyi xərci nağd qaydada ödəyir”.

Ə.Şiriyev səyahət sığortasının qiymətlərinə də toxunub:

“Səyahət sığortasının qiyməti bir həftəlik turlara görə 8-12 ABŞ dolları arasında dəyişir. Bu, elə də böyük məbləğ deyil nəzərə alsaq ki, qarşılığında 50 min manatlıq sığorta təminatı nəzərdə tutulub”.

Ə. Şiriyev səhayət sığortasında dələduzluq hallarından da danışıb:

“Bəzən turizm şirkətinin nümayəndələri turistin sığortası üçün verdiyi pulu qeydiyyatdan keçirmir. Fikirləşir ki, qısa müddət ərzində heç bir sığorta halı olmaz. Turizm şirkətinin rəhbərliyinin də bu haldan xəbəri olmur. Turizm şirkətinin nümayəndəsinin sığortalamadığı şəxsin başına bədbəxt hadisə gələndə şirkət çətinliyə düşür. Müştəri sığorta şirkətinə zəng edib kömək istəyəndə cavabında ona adına heç bir müqavilə olmadığı deyilir. Amma turizm şirkətinin rəhbərinin xəbəri olmasa belə, turizm şirkəti bu hala görə məsuliyyət daşıyır. Mən şəxsən turizm şirkətinin rəhbəri olaraq belə hallara nəzarət edirəm”.

Şirkət rəhbəri ölkədaxili səyahətlərin sığortalanmasından da söz açıb:

“Əvvəl sığorta şirkətləri ölkədaxili sığorta səyahəti üçün müraciət edən çox olduğu üçün sığortalamaqdan imtina edirdilər. Lakin danışıqlardan sonra bir sığorta şirkəti razılaşıb. Beləliklə, 2 manata daxili turları, 4 manata isə ekstrim turları sığorta etməyə başlayıblar.

Müqavilədə üç bənd qeyd olunub: əgər üçüncü dərəcəli xəsarətdirsə, təcili tibbi yardım maşını yaxınlaşıb, problemi yerində həll edir; ikinci dərəcəli xəsarətdirsə, turisti həmin ərazidə və ya regionda olan hər hansı bir xəstəxanaya çatdırılır; xəsarət birinci dərəcəlidirsə, turist Bakıya çatdırılır, burada müalicə olunur”.

Sığorta üzrə ekspert İlkin İbrahimov səyahət sığortası ilə bağlı son dövrlərdə yaranmış vəziyyəti şərh edib:

“Pandemiya ilə bağlı qapanma dövründə bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də səyahət sığortasının haqları çox aşağı idi. Sığorta ödənişləri isə elə əvvəlki dövrlərdə də, indi də səyahət sığortasında çox problemli olur. Amma ötən dövrlərə nəzər saldıqda pandemiyadan əvvəl bu məsələlərlə bağlı çox ciddi işlər görülürdü.

Xarici səfərlərə gedərkən bəzi ölkələr turistlərdən məcburi şəkildə sığorta olunmalarını tələb edirlər. Əslində bu çox yaxşı haldır. Çünki məcbur tətbiq edilmənin özündə belə orada baş verəcək sığorta hadisələri ilə bağlı sığorta təzminatı veriləndə turistlər üçün daha rahat olur.

Ölkəmizdə də belə bir məsələnin tətbiqi gündəmdə idi, lakin pandemiya bunu ertələməyə imkan verdi.

Böyük ehtimalla, gələcəkdə bizdə də ölkəmizə gələn turistlərdən səyahət sığortası tələb olunacağı gözlənilir. Bu tələb olunma həm sığortanın inkişafına təkan verəcək, həm də eyni zamanda, gələn turistlərin sağlamlığı ilə bağlı maddi cəhətdən daha yaxşı imkanlar yaradacaq”.

Son xəbərlər

Orphus sistemi