Şahdağ Turizm Mərkəzində qış mövsümü bağlı elan olunub
- 28 mart, 2018
- 12:03
Bakı. 28 mart. REPORT.AZ/ Şahdağ Turizm Mərkəzi bu gündən etibarən 2017-2018-ci il qış mövsümünü bağlı elan edib.
Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət edib.
Bu, Mərkəzin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədəri xarici turistlər olub ki, onların arasında da BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.
Mövsüm ərzində “Şahdağ” adını regional və beynəlxalq brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülüb, Mərkəz Ukrayna, Tükiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunub.
Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq “Şahdağ” Turizm Mərkəzi hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində “Lyuks Dağ Kurortu” və “Lyuks Dağ Hoteli” nominasiyaları üzrə beynəlxalq “2017 World Luxury Hotel Awards” mükafatına layiq görülüb.
2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunmuş, uşaqlar üçün yeni əyləncələr yaradılıb. Bu mövsüm də hər il olduğu kimi, ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilib, qonaqların 30%-ni xizək sürmək üçün Mərkəzə üz tutan xizək həvəskarları təşkil edib.
Xizəkçilik mövsümü başa çatsa da, hazırda Turizm Mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq Mərkəzdə yay mövsümü üçün hazırlıqlara start verilib. Yay mövsümünün açılışınadək isə Mərkəzdə 5 ulduzlu “Şahdağ Hotel və Spa” hoteli fəaliyyət göstərəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.