Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2019-cu ili 20,431 milyon manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 25,6 % azdır.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 17,9% artaraq 65,29 milyon manata çatıb.
2019-cu ildə "Şahdağ Turizm Mərkəzi"nin əməliyyat gəlirləri 20,366 milyon manat (illik müqayisədə 0,6 % az), o cümlədən əsas əməliyyat gəlirləri 8,639 milyon manat (13,1 % az), dövlət büdcəsindən subsidiya hesabına gəlirləri 10,169 milyon manat (dəyişməyib), sair gəlirləri 1,561 milyon manat (4,2 dəfə çox) təşkil edib.
Hesabat dövründə şirkətin əməliyyat xərcləri isə 35,87 milyon manat (16,3 % az), o cümlədən istifadə etdiyi material ehtiyatlarının dəyəri 2,722 milyon manat (35,4 % az), işçi heyəti üzrə xərcləri 3,681 milyon manat (14,9 % az), amortizasiya xərcləri 20,954 milyon manat (6,7 % az), kommunal xərcləri 1,628 milyon manat (17,9 % çox), sığorta xərcləri 1,537 milyon manat (9,5 dəfə çox), digər xərcləri 5,346 milyon manat (1,9 dəfə az) olub.
Bundan başqa, 2019-cu ildə "Şahdağ Turizm Mərkəzi" maliyyə xərclərinə 366 min manat (20,4 % çox) yönəldib, 4,562 milyon manat (4,5 % az) gəlir vergisi ödəyib.
2020-ci il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin 483,627 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 5,7 dəfə azalaraq 2,142 milyon manata, balans kapitalı isə 2 % azalaraq 481,485 milyon manata düşüb.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.