"Report"un RBK-ya istinadən verdiyi xəbərə görə, Kanar arxipelaqının Fuerteventura adası ən ucuz istiqamət hesab olunur - dörd nəfərdən ibarət ailənin burada bir həftəlik istirahəti 665 avroya başa gələcək. Büdcəli kurortlar üçlüyünə daha bir Kanar adası - Tenerife və Hindistanın Qoa kurortu daxil olub - burada istirahətin qiyməti müvafiq olaraq 737 və 769 avro təşkil edəcək. Onluğa Qrenada, Karib adaları (769,4 avro), Şarm-Əl-Şeyx, Misir (771 avro), Mərakeş (803 avro), Lansarote, Kanar adaları (818 avro), Şri-Lanka (822 avro), Orlando, ABŞ (1 079 avro), Mavrikiy (1 179 avro) daxil edilib.
Reytinq "TripIndex Winter Sun" illik tədqiqat çərçivəsində tərtib olunub. Belə ki, 2014-cü il dekabrın 15-dən 2015-ci il mart ayının 31-dək dövr üçün temperaturu 20°C-dən yüksək olan 29 məşhur istiqamətdə qiymətlər təhlil olunub. Bir həftəlik istirahət üçün ümumi məbləğ dörd nəfərlik ailə üçün hesablanıb. Həmin məbləğə iki yataq otağı olan apartamentdə yaşama, bir həftəlik avtomobil icarəsi, qida xərcləri və restoranda dörd nəfərlik şam yeməyi daxildir.
Həmçinin, "TripAdvisor" tədqiqatı çərçivəsində isti qış istirahəti üçün 10 ən bahalı kurortların adı açıqlanıb. Ən bahalı Karib adaları olan Terks və Kaykos adaları olub - burada istirahət 5 016 avroya başa gələcək. Ən bahalı kurortlar üçlüyünə daha iki Karib adası - Barbados və Kayman adaları daxil olub - qiymət müvafiq olaraq 2 568 və 2 331 avro təşkil edib. Həmçinin, ən bahalı kurortların TOP-10 siyahısında Dubay, BƏƏ (2 226 avro), Yamayka (2 084 avro), Sent-Lusiya (1 981 avro), Mayami, ABŞ (1 960 avro), Qold-Kost, Avstraliya (1 825 avro), Rio-de-Janeyro, Braziliya (1 734 avro), Cənubi Ada, Yeni Zelandiya (1 660 avro) yer alıb.